Romada səfərdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun İtaliyanın nüfuzlu “L’Opinione” qəzetində müsahibəsi dərc olunub.

Müsahibənin müəllifi tədqiqatçı jurnalist Corcia Pilar Ciorici Etibar Nəcəfovun İtaliyada səfəri çərçivəsində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun öz atası Əmir Qut ilə birlikdə yazdığı və İtaliyada dərc olunmuş “Ağrı” (Il Dolore) romanının Romada keçiriləcək təqdimatında çıxış edəcəyini, İtaliya rəsmi qurumlarının, eləcə də müxtəlif dini icma təşkilatlarının rəhbərləri ilə görüşlər keçirəcəyini və universitetlərdə multikulturalizm mövzusunda mühazirələr söyləyəcəyini bildirib. Müsahibəni oxucuların diqqətinə təqdim edirik.

– Müasir dövrdə dünyanın bir sıra ölkəsində etnik və ya dini zəmində münaqişələr baş verir. Zəngin etnik və dini müxtəlifliyə malik olan Azərbaycan Respublikasında qeyd olunan zəmində heç bir qarşıdurma yoxdur. Bunun səbəbi nədir?

– Həqiqətən, Azərbaycan etnik, dini və mədəni müxtəlifliyə malik olan bir ölkədir. Etnik-mədəni müxtəliflik tarixi prosesin nəticəsi kimi obyektiv xarakter daşıyır. O, xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir və həyatında müsbət rol oynayır. Lakin etnik-mədəni müxtəliflik dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, o, cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlərə, hətta münaqışələrə səbəb olur. Buna görə də bu müxtəlifliyin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir.

Bir çox ölkələrdən fərqli olaraq Azərbaycan Respublikası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyi assimilyasiya və ya izolyasiya siyasəti vasitəsilə deyil, multikulturalizm siyasəti vasitəsilə tənzimləyir. Multikulturalizm siyasəti isə milli azlıqların etnik-mədəni dəyərlərinin qorunmasını təmin edir. O, titul etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin yaradır. Bu isə cəmiyyətdə inteqrasiya proseslərini möhkəmlədir.

Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bundan başqa multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir.

– Lakin məlum olduğu kimi, son dövrdə bir sıra Qərb ölkələrinin başçıları multikulturalizm siyasətinin iflasa uğramasını qeyd ediblər. Sizin ölkənizdə bu siyasətin uğurla aparılmasının səbəbləri nə ilə bağlıdır?

– Doğrudur. Qərb ölkələrində multikulturalizm siyasətinin aparılması ilk illərdə müəyyən müsbət nəticələr versə də, sonrakı dövrdə o, etnik-dini zəmində ziddiyyətlərin kəskinləşməsinə səbəb olub. Nəticədə Avropanın aparıcı ölkələrinin (Böyük Britaniya, Fransa, Almaniya) başçıları multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olması səbəbindən iflasa uğradığını göstəriblər.

Azərbaycanda multikulturalizm siyasətinin uğurla aparılmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər dedikdə ilk növbədə tarixi və coğrafi amillər nəzərdə tutulur. Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlət olub. Azərbaycanın tarixinin bütün mərhələlərində onun ərazisində müxtəlif xalqların nümayəndələri birgə əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda əlverişli multikultural mühitin olması tarixin müxtəlif mərhələlərində təqib olunan xalqların nümayəndələrinin kütləvi şəkildə bura köçməsinə səbəb olub. Məsələn, hələ təxminən 2600 il bundan əvvəl Babil hökmdarı tərəfindən təqib olunan yəhudilər İsraili tərk edərək Azərbaycana pənah gətiriblər.

Coğrafi baxımdan isə Azərbaycan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir ərazidir. Belə ərazilərdə yerləşən ölkələrin xalqları müxtəlif etnik, dini və mədəni qrupların nümayəndələri ilə qarşılaşaraq onlarla iqtisadi-ticarət və mədəni əlaqələrini inkişaf etdiriblər. Bu isə öz növbəsində belə ərazilərdə multikultural mühitin formalaşması üçün əlverişli şərait yaradıb.

Azərbaycanda multikulturalizm siyasətinin subyektiv səbəbləri dedikdə, ölkəni idarə edən dövlət xadimləri və Azərbaycan xalqı nəzərdə tutulur. Azərbaycanın tarixinin müxtəlif mərhələlərində ölkə başçıları cəmiyyətdəki etnik-mədəni müxtəliflikləri elə tənzimləmişdilər ki, burada etnik və dini zəmində ciddi münaqişələr baş verməmişdi. Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənib. Məsələn, 1918-ci ildə bütün müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində ölkədə yaşayan milli azlıqların nümayəndələrindən deputat və hökumətinin tərkibində nazir vəzifəsinə təyin olunmuşlar var idi.

Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Müasir dövrdə bu siyasəti Azərbaycan Respublikasının Prezident İlham Əliyev uğurla davam etdirir. Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa uğraması bəyan edildiyi bir dövrdə Prezident İlham Əliyev multikulturalizmin müasir dünyada alternativinin ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya, antisemitizm olduğunu qeyd edir və yeni tarixi şəraitdə multikulturalizmi inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm istiqaməti kimi təqdim edir.

– Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqaməti kimi multikulturalizm özünü nədə büruzə verir?

– Multikulturalizm Azərbaycanın daxili siyasətinin mühüm istiqaməti kimi özünü ölkəmizdə etnik-dini zəmində heç bir qarşıdurmanın olmamasında göstərir. Multikulturalizm siyasəti vasitəsilə ölkə daxilindəki etnik-mədəni müxtəlifliklər tənzimlənərək bütün xalqların etnik-mədəni dəyərlərinin qorunmasına nail olunub. Bu, demokratik cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, xalqların etnik-mədəni dəyərlərinin qorunması insan haqlarının tərkib hissəsidir.

Ölkələrarası münasibətlərdə isə bu siyasət Azərbaycanın bütün ölkələrlə hərtərəfli əlaqələrinin inkişafı üçün münbit zəmindir. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradır.

Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunması istiqamətdə ölkəmiz böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olmuş “Bakı prosesi”ni qeyd etmək olar. “Bakı prosesi” mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür.

“Bakı prosesi” təşəbbüsünü ilk dəfə ölkə Prezidenti İlham Əliyev 2008-ci ildə irəli sürüb. Regional təşəbbüs kimi yaranan “Bakı prosesi” 2010-cu ildən Prezident İlham Əliyevin səyi nəticəsində qlobal hərəkata çevrilməyə başladı. Azərbaycan “Bakı prosesi” çərçivəsində Dünya Dini Liderlərinin Sammitinə (2010), Beynəlxalq Humanitar Forumlara (2011, 2012, 2013, 2014 və 2016), Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına (2011, 2013, 2015 və 2017) və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna (2016) ev sahibliyi edib.

Müsahibə ilə bu linkdən tanış olmaq mümkündür:

http://www.opinione.it/esteri/2018/02/28/giorgia-pilar-giorgi_azerbaigian-multiculturalismo-libro-amir-arye-gut/