IMG_0537Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbinin iştirakçıları ilə görüşüb.

 

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə iyulun 21-dən start götürən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbinin iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarətdən sonra Bakı Slavyan Universitetində Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev beynəlxalq yay məktəbinin iştirakçıları ilə görüşüb.

Akademik qonaqları salamlayaraq müxtəlif ölkələrin müəllim və tələbə heyətini Bakıda görməkdən məmnunluğunu ifadə edib: “Mənə elə gəlir ki, sizin çoxunuz Bakıda ilk dəfəsiniz və artıq bu günlər ərzində şəhərimizlə müəyyən qədər tanış ola bildiniz. Mən çox sevinirəm ki, buradakı gənclərin əksəriyyəti bizim onlara təklif etdiyimiz Azərbaycan multikulturalizmi fənnini öz universitetlərində bir semestr boyu öyrənmiş tələbələrdir. Müəllimlərin və universitet rəhbərlərinin dediklərinə görə, fənnin tədrisi uğurlu keçib. Azərbaycan universitetlərindən də yay məktəbinə qatılan tələbələrimiz var. İnanıram ki, bir-birinizlə təmasınız gələcəkdə həm təhsilinizdə, həm də karyeranızda sizə yardımçı olacaq. Mənə elə gəlir ki, sizi çox maraqlı səyahət gözləyir. Nabran, Xaçmaz, Quba, Qusar Azərbaycanın son dərəcə gözəl və maraqlı bölgələridir. Bu bölgə təkcə azərbaycanlıların deyil, xarici qonaqların da həmişə diqqət mərkəzindədir. Azərbaycan dövləti bütün bölgələrin inkişafına xüsusi diqqət ayırır. Mən sevinirəm ki, sizin Azərbaycanı nəzəri şəkildə öyrənməyiniz ölkəmizi öz gözlərinizlə görməyinizlə tamamlanacaq. Azərbaycan prezidenti İlham Əliyev belə bir söz deyib: “Multikulturalizmin alternativi yoxdur”. Azərbaycanda multikulturalizm yaşayır və inkişaf edir. Siz bunu hər görüşünüzdə, hər mühazirənizdə, ünsiyyət bağladığınız hər bir adamla təmasınızda görəcəksiniz”. K.Abdullayev yay məktəbinin iştirakçısı olan tələbələrin Azərbaycan multikulturalizmini daha dərindən öyrənməyə davam edəcəklərinə inandığını deyib: “Bu sizin Azərbaycanla tanışlığınızın ilkin mərhələsi olsun. Yuxarı kurslarda və hətta universiteti bitirəndən sonra da Azərbaycanla əlaqələriniz kəsilməsin. Biz sizin yeni dostlarınız olaraq bunun üçün əlimizdən gələni edəcəyik”.

Dövlət müşaviri yay məktəbinin iştirakçıları arasında dostluğun bundan sonra da davam edəcəyinə əminliyini bildirib: “İnanıram ki, burada yaranan tanışlıqlar bir ömür boyu dostluğa çevriləcək. Azərbaycanlı tələbələrə isə demək istəyirəm ki, onlar burada özlərini ev sahibi kimi aparmalıdırlar. Öz həmkarları, öz tələbə dostları ilə gələcək ünsiyyət xətlərini müəyyənləşdirməlidirlər. Bundan təkcə Azərbaycan yox, İtaliya, Litva, Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Çexiya və ümumiyyətlə, burada iştirak edən bütün tələbələr qazanacaqlar, mənəvi-intellektual xeyir götürəcəklər. Bu yay məktəbi intellektual koleydeskop kimi ən müxtəlif modifikasiyalar verə bilər. Siz bu sahədə ilk qaranquşlarsınız, pionerlərsiniz. Gələcəkdə biz artıq yay məktəblərini sizin arzularınıza uyğun şəkildə qurmağa çalışacağıq. Sizin hansı bölgələrlə, hansı dövlət strukturları ilə, hansı yaradıcı təşkilatlarla daha yaxından təmas qurmaq istəyiniz bizim üçün əhəmiyyətlidir”.

  1. Abdullayev indiyədək Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayaraq Birinci Avropa Oyunlarının möhtəşəm təşkilindən, bu tədbirin ölkəmizi dünyaya daha da yaxından tanıtmasından söz açıb.

Sonda akademik yay məktəbinin iştirakçılarına uğur arzulayıb və bildirib ki, Azərbaycan Prezidenti, dövləti, xalqı və cəmiyyəti həmişə çalışır ki, ölkəmizin dostları ilə əlaqələri bir az da möhkəmlənsin.

Görüşdə tələbə və müəllimlərin təklifləri dinlənilib, diskussiya aparılıb. Akademik K. Abdullayev yay məktəbinin iştirakçılarına müəllifi olduğu kitabları hədiyyə edib. Görüşdən sonra “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbinin iştirakçıları Nabrana yola düşüblər.

IMG_0467

IMG_0526

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

Bakı Slavyan Universiteti