11203588_10153316167134507_4467962881461461418_oBakı Beynəlxalq Multikulturalizm Mərkəzi cari ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələr üçün “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır,paylaş” adlı beynəlxalq yay məktəbi layihəsi keçirməyi planlaşdırır.

İyulun 21-dən avqustun 1-dək keçirilməsi nəzərdə tutulan beynəlxalq yay məktəbində iştirakçılar Azərbaycanın tarixi, dili, etnoqrafiyası, mədəniyyəti haqqında biliklərə yiyələnməklə yanaşı, Azərbaycanın regionlarına səfər edəcək, müxtəlif etnik qrupların adət-ənənələri ilə yerində tanış olacaq ki, bu da nəticədə tələbələrə Azərbaycan multikulturalizmi haqqında praktik biliklərini zənginləşdirmək imkanı yaradacaq.

Bu barədə daha ətraflı məlumat əldə etmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayevlə görüşüb söhbət etdik..

Sual: Multikulturalizm Mərkəzinin yay məktəbi təşkil etməsi ideyası çox maraqlıdır. Bilmək istərdik, bu ideya və təşəbbüs necə yarandı?

Yay məktəbi əslində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin digər layihələrindən doğan bir layihə oldu. Daha doğrusu, xarici və yerli ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi nəticədə yay məktəbi ideyasının ortaya çıxmasına bir zəmin yaratdı. Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin ideyası və təşəbbüsü ilə keçirilən yay məktəbinin əsas məqsədi xarici ölkə universitetlərində və bizim ali təhsil ocaqlarımızda “Azərbaycan multikulturalizmi” fənnini dinləyən tələbələrin vahid bir şəbəkəsinin yaradılması və ya onların Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri biliklərinin təcrübədə daha da möhkəmləndirilməsindən ibarətdir.

Bir məsələni də qeyd edim ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu beynəlxalq yay məktəbini Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə həyata keçirir.

Sual: Yay məktəbində kimlər iştirak edəcək və iştirakçılar hansı kriteriyalar əsasında seçilib?

Mərkəzimizin saytında yay məktəbinin elanı yerləşdiriləndə iştirakçılar üçün əsas şərt kimi tələbə olması müəyyənləşdirilmişdir. Elə həmin sorğu anketində qeyd olunurdu ki, əsasən “Azərbaycan multikulturalizmi” fənninin magistr səviyyəsində tədris olunduğu 7 xarici ölkə universitetində təhsil alan və eyni zamanda kənardan o universitetlərə cəlb olunaraq həmin fənnin dinləyicisi olan tələbələrə üstünlük veriləcəkdir. Bu haqda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin internet səhifəsində, bir sıra tələbə şəbəkələrində, fənnin tədris edildiyi universitetlərin internet saytlarında geniş məlumat yerləşdirildi və tələbələrdən müraciətlər daxil olmağa başladı. Artıq 50-dən çox ölkədən 650-yə yaxın iştirakçı yay məktəbində iştirak etmək üçün müraciət edib, amma qeyd etdiyim kimi, biz əsas üstünlüyü fənnin tədris edildiyi 7 xarici ölkə universitetinə veririk. Bunlar Belarusun Belarus Dövlət Universiteti, Çexiyanın Praqa Karlov Universiteti, Litvanın Edukologiya Universiteti, Gürcüstanın Tiflis Dövlət Universiteti, Rusiyanın Ural Federal Universiteti, İtaliyanın La Sapienza və Bolqarıstanın Müqəddəs Kliment Oxrisdski adına Sofiya Universitetləridir. Eyni zamanda Belarus Dövlət Linqvistik Universiteti, İtaliya Neapol Universiteti, Türkiyənin Ardahan və Sakarya Universitetləri, Rusiyanın Puşkin adına Rus Dili Dövlət İnstitutu, Litvanın Vytautas Maqnus Universiteti, Hindistanın Aliqarh İslam Universiteti, Çexiya Masarix Universitetinin tələbləri də təmsil olunacaqlar.

Bundan əlavə ölkəmizdə də “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, həmçinin hələ bu fənnin tədrisinə başlamayan Azərbaycan Diplomatiya Akademiyasında təhsil alan 20 tələbə yay məktəbinin iştirakçısı kimi seçilmişdir. Qeyd edim ki, ölkəmizdən yay məktəbində iştirak üçün 250 nəfərdən artıq müraciət daxil olub.

Kriteriyalara gədikdə isə, biz yay məktəbi ilə bağlı elanda iştirak arzusunda olan tələbələrə 4 suala cavabdan ibarət kiçik esse yazmalarını şərt kimi irəli sürmüşdük. O esselərdə onların Azərbaycan haqqında olan bilikləri, Azərbaycana olan maraqları və ən əsası isə multikulturalizm ideyalarına olan münasibəti və istəkləri tam əks olunur, seçimlərdə esselər də əsas götürüldü.

Ümumilikdə yay məktəbinə xarici ölkələrdən 650-dən artıq müraciət daxil olmuşdu, biz bu müraciətlərin arasından Rusiya Federasiyası, Gürcüstan, Belarus, Çexiya, Bolqarıstan, İtaliya, Litva, Polşa, İordaniya, Misir, Hindistan, Türkiyəni təmsil edən 50 nəfər iştirakçı seçdik.

 

Sual: Yay məktəbi harada keçiriləcək? Proqram haqqında məlumat verərdiniz.

Yay məktəbi Azərbaycanın bir neçə bölgəsində keçiriləcək. Ümumən Azərbaycanın qədim tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirən ən mühüm yerlərdə yay məktəbi tədbirlərinin keçirilməsi nəzərəd tutulur. Proqramın əsas məqamlarından biri kimi iştirakçıların Xaçmaz rayonunun Nabran ərazisində yerləşən Təhsil İstirahət Mərkəzində 6 gün qalmaları nəzərdə tutulur. Bu müddət ərzində tələbələrin, eyni zamanda ətraf rayonlara – Qubaya, Qusara və Xaçmaza səfərləri planlaşdırılır. Həmin rayonlarda müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Yay məktəbi proqramının Nabran hissəsi bitdikdən sonra, ayın 29-dan etibarən iştirakçılar Bakıda iki günlük tədbirlərə qatılacaqlar. Proqram tərtib edilərkən, eyni zamanda çalışmışıq ki, Azərbaycanın multikultural durumu ilə daha yaxından tanış olmaları üçün tələbələrə Azərbaycan dili, mədəniyyəti, incəsənəti, tarixi və ölkəmizdə tarixən formalaşmış tolerant ənənələr və onların kökləri, bu günkü tarixi reallıqlar barədə geniş məlumatlar verək, ölkəmizdə olan mədəni və dini obyeklərlə, paytaxtımızla onları yaxından tanış edək. Bununla yanaşı, təbii ki, müxtəlif master klasslar, mühazirələr, görüşlər, debatlar, dəyirmi masalar və söhbətlər də yay məktəbi proqramının əsas hissəsini təşkil edir.

Proqramda yay məktəbi iştirakçılarının Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev, Azərbaycanın görkəmli elm xadimləri, Millət vəkilləri, təşkilatçı qurumların rəhbərləri, görkəmli yazıçı və şairlərimiz, Quba, Qusar və Xaçmaz rayon gəncləri, ziyalıları ilə görüşlərinin təşkili də nəzərdə tutulub.

Ümumilikdə bu yay məktəbi üçün tutulan proqramda öz əksini tapan işlərin hər biri “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin davamı olmaqla fənnin effektivliyinin artırılmasına istiqamətlənib.

 

Sual: Yay məktəbi bitdikdən sonra nə kimi nəticələr gözləyirsiniz?

Qeyd edim ki, “Azərbaycan multikulturalizmi” fənninin dinləyiciləri olmuş bir çox xarici tələbələrdə Azərbaycana nəinki yüksək maraq, həm də bir sevgi yaranmışdır. Bunu təkcə yay məktəbi üçün yazdıqları esselərdə deyil, bizimlə olan yazışmalarında da büruzə verirlər. Bizim potensial hədəfimiz də elə məhz budur. Azərbaycanı kor-koranə deyil, tanıdaraq, təqdim edərək sevdirmək və Azərbaycanın dostlarının sayını artırmaq.

Təbii ki, yay məktəbi bitəndən sonra da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həmin tələbələrlə əlaqələri davam etdirəcək, bəlkə də bu yay məktəbinin sonunda tələbələr Azərbaycan haqqında araşdırmalara başlayacaqlar. Çünki tələbələrin bir çoxlarının ixtisasları beynəlxalq əlaqələr, tarix, etnoqrafiya, coğrafiya və s. olduğundan onlar üçün Azərbaycanın multikultural mühitini, ölkəmizdəki milli azlıqların mədəniyyətini, həyat tərzini, dövlət tərəfindən təmin olunmuş hüquq və azadlıqlarını öyrənmək çox maraqlıdır. Onlar öz diplom işlərində, dissertasiya çalışmalarında ölkəmizdə şahidi olduqları və yaşadıqları, yaxud təhsil aldıqları ölkələrdə olmayan məsələlərə daha çox üstünlük verəcəklər. Tələbələrin Azərbaycanla əlaqələri və gediş-gəlişi intensivləşəcək, bu isə onların həm ölkəmizə olan marağını artıracaq, həm Azərbaycanı onlar üçün doğmalaşdıracaq, həm də onlar artıq Azərbaycanı öz ölkələrində təmsil edən, Azərbaycanı təbliğ edən şəxslərə çevriləcəklər.

Sonda bir məqamı da əlavə etmək istərdim ki, biz tələbələrin gəlişindən öncə onların öz istəkləri ilə Azərbaycanda görmək istədikləri yerləri də öyrənməyə çalışdıq və proqramı onların bir növ arzu və istəklərinə, bu yay məktəbindən gözləntilərinə uyğun şəkildə qurmuşuq. Biz ümid edirik ki, hazırladığımız proqram və həyata keçirəcəyimiz bu yay məktəbi qarşısına qoyduğu əsas məqsədlərə nail ola biləcək.

 

Maraqlı müsahibə üçün təşəkkür edirik.