İyulun 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon ilə görüşüb. O, Azərbaycandakı tolerant və multikultural mühitdən, ölkə rəhbərliyinin həyata keçirdiyi multikulturalizm siyasətinin uğurlarından, eləcə də BBMM-in bu sahədə gördüyü işlərdən ətarflı söhbət açıb. Multikulturalizmin Azərbaycan və Avropa modelləri arasındakı fərqdən danışan R.Həsənov, bu gün “Azərbaycan multikulturalizmi” fənninin 20 nüfuzlu xarici ölkə universitetində tədris olunduğunu da vurğulayıb. O,  ölkə başçısının təşəbbüsü ilə təşkil olunan Beynəlxalq forumlar, habelə  “Bakı prosesi”nin 10 illiyi haqda da geniş məlumat verərək, Ümummilli Lider Heydər Əliyevin bünövrəsini qoyduğu multikulturalizm siyasətinin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Ölkəmizə hər səfərində davamlı inkişafın şahidi olduğunu vurğulayan fransız yazıçısı Azərbaycandakı tolerantlıq mühitini təqdirəlayiq hal kimi qiymətləndirib. Jerar Kardon Azərbaycan multikulturalizm modelinin uğurlu olduğu fikrini təsdiqləyərək, bu fənnin xarici ölkələrin ali məktəblərində tədrisini müsbət hal kimi dəyərləndirib. O, həmçinin BBMM-in Avropadakı fəaliyyətini yüksək qiymətləndirərək, gələcək yazılarında bu məsələlərə xüsusi yer ayıracağını qeyd edib. Görüşdə Azərbaycandakı multikultural mühit və humanitar siyasətlə yanaşı, Azərbaycan-Fransa dostluq əlaqələri haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.