Oktyabrın 25-də VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi” mövzusunda işçi sessiya keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun moderatorluğu ilə keçirilən sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla çıxış edərək deyib ki, bu gün Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir. Bu gün Azərbaycan multikulturalizmi dünyanın bir sıra aparıcı universitetlərində tədris olunur. Xarici universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələrin ildə iki dəfə ölkəmizə səfərləri təşkil edilir.

Qeyd edilib ki, Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir. Biz multikulturalizmin bu gününə və sabahına inanırıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Azərbaycan bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib. Biz bu gün fəxrlə Azərbaycan modelini bütün dünyada təbliğ edirik.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam və inkişaf etdirir. Dünyanın siyasi, iqtisadi və dini zəmində narahat gündəm yaşadığı bir dövrdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramı, qarşılıqlı ehtiram məfkurəsi, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.

Vurğulanıb ki, Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlərboyu bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Azərbaycanda daxili sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifi, İslam mədəniyyətinin ümumbəşəri əhəmiyyətinə, dinimizin sülhsevər mahiyyətinə yüksək dəyər verən Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməklə olduqca müdrik qərarlar verib. Prezident İlham Əliyev Azərbaycanı bu ideyaların mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə, ölkəmizi qlobal miqyasda ümumbəşəri ideyaların carçısına çevirməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atmış oldu. Humanitar forumların mütəmadi şəkildə Bakıda keçirilməsi bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın dünyaya multikulturalizm, İslam həmrəyliyi ideyalarını təqdim etməklə qüdrətli ölkəyə çevrildiyini söyləyən Allahşükür Paşazadə deyib: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliğ etməklə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və himayəsi ölkəmizi bu istiqamətdə böyük nüfuz sahibi edib”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvü kimi yaşayıblar. Müxtəlif mədəniyyətlərə və dinlərə məxsus etnosların tarixboyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, İslam dəyərləri müstəsna rola malikdir. Ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaradıb. Sovetlər Birliyi dağılan dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2200-dən çoxdur. Hazırda ölkə ərazisində 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Vətəndaşların böyük əksəriyyəti müsəlman olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Ölkəmizdə dövlət qeydiyyatından keçmiş 861 dini icma fəaliyyətdədir. Bunlardan 830-u İslam, 31-i qeyri-İslam təmayüllüdür.

Ölkədə fəaliyyət göstərən bütün dini icmalara öz dini ayinlərini həyata keçirmək üçün lazımi şəraitin yaradıldığını söyləyən komitə sədri deyib: “Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət tərəfindən İslam dini icmaları ilə yanaşı, digər dini icmalara da mütəmadi olaraq maliyyə yardımı ayrılır”.

Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri professor Kamilə Əliyeva diqqətə çatdırıb ki, bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir: “Tarixi Azərbaycan torpaqlarının 20 faizinin monokultural siyasət yürüdən Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulmasına, minlərlə soydaşımızın terrora məruz qalmasına baxmayaraq, ölkəmizdə multikultural dəyərlərə xüsusi önəm verilir. Təkcə bu faktın özü Azərbaycan dövlətinin və xalqının yüksək tolerant və multikultural mənəviyyatının bariz sübutudur. Azərbaycanda bütün konfessiyalar arasında mehribanlıq, qarşılıqlı anlayış və sıx əməkdaşlıq ölkəmizdəki tolerantlıq mühitinin bundan sonra da qorunub saxlanılmasının qarantıdır”.

Sessiyada Hindistanın “Art of Living” Fondunun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar, Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, UNESCO-nun xoşməramlı səfiri, Fransanın mədəniyyət diplomatiyasının xüsusi nümayəndəsi Hedva Ser və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ nümayəndəliyinin rəhbəri, Vaşinqton Hüquq Assosiasiyasında məsləhətçisi Janna Skot ölkəmizdə multikulturalizmə verilən önəmi yüksək qiymətləndiriblər. Bildirilib ki, multikulturalizm insanların birgəyaşayışı və firavanlığı üçün xüsusi əhəmiyyət kəsb edir.

Moskva Dövlət Linqvistik Universitetinin rektoru İrina Krayevanın moderatorluğu ilə keçirilən sessiyanın ikinci hissəsində Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, İtaliyanın Link Kampus Universitetinin professoru Alesandro Fiqus, Pakistan-Amerika Məsələləri Şurasının nümayəndəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ABŞ nümayəndəliyinin müşaviri Adnan Xan, ABŞ Prezidentinin təyin etdiyi Milli və Yerli Könüllü Cəmiyyətlər Xidmətinin səlahiyyətli nümayəndəsi, BBMM-in ABŞ nümayəndəliyinin müşaviri Hyepin İm, BBMM-in İsrail nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut, Mərkəzin Drezden nümayəndəliyinin rəhbəri Birgit Vaysgerber və Rusiyanın siyasi analitiki Oleq Kuznetsov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.