Strasburqda Xorvatiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası və “Regional dillər və ya azsaylı xalqların dilləri üzrə Avropa Xartiyası”nın qüvvəyə minməsinin 20-ci ildönümü münasibətilə yüksək səviyyəli konfrans keçirilib.

Yüksəkvəzifəli hökumət rəsmilərinin, o cümlədən nazirlərin, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin Çərçivə Konvensiyasının Məşvərətçi Komitəsinin və “Regional dillər və ya azsaylı xalqların dilləri üzrə Avropa Xartiyası”nın Ekspertlər Komitəsinin üzvlərinin iştirak etdikləri konfransda Avropa Şurasına üzv ölkələrdə milli azlıqların müasir dövrdə üzləşdiyi məsələlər müzakirə edilib.

Konfransda ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib. O, “Multilinqual cəmiyyətdə milli azlıqların dilləri və təhsili” adlı sessiyada “Azərbaycan Respublikasında azsaylı xalqların dilləri və təhsili” mövzusunda çıxış edib.

Etibar Nəcəfov Azərbaycanın 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya etdiyi Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının milli azlıqların dillərində təhsil sahəsi ilə bağlı öhdəliklərin uğurla həyata keçirilməsi barədə məlumat verib. O, Azərbaycanın multikulturalizm siyasəti çərçivəsində ölkədə yaşayan azsaylı xalqların sosial, iqtisadi və mədəni məsələlərinin yüksək səviyyədə həll olunduğunu qeyd edərək, burada milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən görülmüş mühüm işlərdən bəhs edib.

Şöbə müdiri konkret faktlara əsaslanaraq Azərbaycanda milli azlıqların dillərində 377 ibtidai və ümumtəhsil məktəbinin fəaliyyət göstərməsi haqqında konfrans iştirakçılarına məlumat verib. O, ölkədə 18 ümumtəhsil məktəbində tədrisin sırf rus dilində aparıldığını, 326 ümumtəhsil məktəbinin rus bölməsində isə 90 min şagirdin bu dildə təhsil aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bundan başqa, Azərbaycanda yəhudi, ləzgi, talış, avar, saxur, udi, kürd, xınalıq və digər azsaylı xalqların dillərində məktəblərin fəaliyyət göstərməsindən bəhs edən Etibar Nəcəfov milli azlıqların öz dillərində tədris materialları ilə təmin olunması sahəsində dövlətin gördüyü işlərdən də söhbət açıb, həyata keçirilən bu fəaliyyətlərin milli azlıqların cəmiyyətdə inteqrasiyası proseslərinə müsbət təsir göstərdiyini vurğulayıb.

Prezident Administrasiyasının rəsmisi Azərbaycan hökumətinin milli azlıqlar üçün təhsil sahəsində apardığı siyasətin Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının 14-cü maddəsinə, həmçinin BMT-nin “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə”sinin 4-cü maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.