Foto Drezden-Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının təşəbbüsü ilə “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının Alman ictimaiyyəti üçün təqdimatı keçirilib. Drezden şəhər icra hakimiyyətinin nümayəndələri, Saksoniya torpağının deputatları, Drezden Universitetinin professor və tələbə heyəti və Drezden Kitabxanasından nümayəndələrin də iştirak etdiyi tədbirdə kitab haqqında qonaqlara ətraflı məlumat verilib.

BBMM-in Drezden filialının icraçı direktoru Dr.Birgit Vaysgerber qeyd edib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Azərbaycan ədəbiyyatında “Kitabi-Dədə Qorqud” eposundan “Əli və Nino” romanına qədər olan dövrdəki multikulturalizm məqamlarını  özündə əks etdirir.  Filial rəhbəri bu kitab tezliklə müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılacağını, yaxın zamanlarda “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan “Azərbaycan multikulturalizminin siyasi-hüquqi qaynaqları” və “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik” qaynaqları adlı kitabların da işiq üzü görəcəyini bildirib.

Tədbirdə iştirak edən qonaqlar multikulturalizm siyasətinin bugünki şəraitdə Avropa və Almaniya ictimaiyyəti üçün zəruriliyini vurğulayaraq “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının alman dilinə də tərcümə olunmasının vacibliyini qeyd ediblər. Eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden şəhərində filialının yaradılmasının Azərbaycan və Almaniya multikulturalizminin birlikdə öyrənilməsi üçün əlamətdar olduğunu bildirən tədbir iştirakçıları, Mərkəzin gələcəkdə təşkil edəcəyi tədbirlərdə də iştirak etmək arzusunda olduqlarını ifadə ediblər.