Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Cenevrə şəhərində keçirilən “Dinlər, məsləklər və/və ya digər dəyər sistemləri: bərabər vətəndaşlıq hüquqlarının möhkəmləndirilməsi üçün güclərin birləşdirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində bir sıra görüşlər keçirib.

Konfransda əsas çıxışçı qismində “Bərabər və inklüziv vətəndaşlıq hüquqlarının Azərbaycan modeli” mövzusunda nitq söyləyən Etibar Nəcəfov tədbir çərçivəsində Dini Liderlərin Dünya Şurası təşkilatının baş katibi Bava Cain, BMT-nin din və inkişaf üzrə qurumlararası işçi qrupunun əlaqələndiricisi Azza Kərəm, İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi ilə görüşüb.

Görüşlərdə şöbə müdiri Azərbaycan cəmiyyətində mövcud olan dinlərarası dialoq və qarşılıqlı anlaşma şəraiti, həmçinin dövlətimizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsi sahəsində həyata keçirdiyi siyasət haqqında həmsöhbətlərinə məlumat verib. O, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsasını qoyduğu, dünyada mədəniyyətlərarası dialoqun təbliğ və təşviq olunmasına yönələn “Bakı Prosesi” və bu proses çərçivəsində ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlər barədə danışıb.

Azərbaycanın millətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində həyata keçirdiyi siyasəti alqışladıqlarını bildirən görüş iştirakçıları Azərbaycanda mövcud dini tolerantlığın bir sıra digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıblar. Həmsöhbətlərlə bu istiqamətdə gələcəkdə birgə əməkdaşlığın qurulması imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

İyunun 26-da isə Etibar Nəcəfov İsveçrənin Bern şəhərində yerləşən Mədəniyyətlərarası Dialoq – Dinlər Evinə baş çəkib və qurumun rəhbəri David Lötviyler ilə görüşüb. Kilsə, məscid, məbəd və Buddist mərkəzini özündə birləşdirən Dinlər Evinin fəaliyyəti haqqında məlumat verən D.Lötviyler bu qurumun əsas məqsədinin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviq edilməsi olduğunu bildirib.

Prezident Administrasiyasının rəsmisi, öz növbəsində, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə həmsöhbətlərinə məlumat verib və Mərkəzin hazırladığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” haqqında kitabı onlara hədiyyə edib.

Görüşlərdə E.Nəcəfovu Azərbaycan Respublikasının Cenevrədə yerləşən BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov və ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova müşayiət ediblər.