Aprelin 9-da Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə universitetin rektoru, akademik Kamal Abdulla bildirib ki, konfrans ADU-nun, Yeni Azərbaycan Partiyasının (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə keçirilir. ADU-nun tarixində belə mötəbər tədbirin ilk dəfə təşkil olunduğunu deyən K.Abdulla vurğulayıb ki, konfransın keçirilməsinin məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Tədbir, həmçinin universitetlər, mütəxəssislər və tələbələr arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Rektor bildirib ki, konfransın bölmə iclaslarının təşkil olunacağı xarici universitetlərlə danışıqlar aparılıb və birgə fəaliyyət proqramı hazırlanıb. Hər bölmədə Azərbaycan alimlərinin və Bakıda yekun plenar iclasda xarici universitet rektorlarının və nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bu layihə qeyri-adiliyi ilə həm universitetlərarası münasibətlərin formalaşmasına, həm Ulu Öndərin ideyalarının Avropa və Asiyada bir daha yayılmasına, həm də azərbaycançılıq ideologiyasının yeni formatda inkişafına təkan verəcək.

Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi məsələsinə toxunan K.Abdulla qeyd edib ki, Azərbaycan dili, mədəniyyəti və multikulturalizminin dünyada tanıdılması istiqamətində ADU bir sıra uğurlara nail olub. Belə ki, universitetin əməkdaşlıq etdiyi bir sıra xarici ali məktəblərdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılıb.

“Qaudeamus” tələbə himnini səsləndirdikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Heydər Əliyev ideyalarının və ölkəmizdəki multikultural dəyərlərin dünyada tanıdılması baxımından konfransın əhəmiyyətini vurğulayıb. Azərbaycanın tolerant ölkə olduğunu, milli mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirən M.Qurbanlı qeyd edib ki, bütün bunların əsasını ulu öndər Heydər Əliyev qoyub.

Dünyada cərəyan edən qlobal təhlükələrdən danışan təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycan bu problemlərin həllini multikulturalizmdə görür. Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışırlar. Bir çox ali və orta məktəblərdə ana dillərinin işlənilməsi təmin olunur, adət-ənənələrə hörmətlə yanaşılır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov bildirib ki, tədbirin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilməsi təsadüfi deyil. Çünki xalqımız multikultural mühitdə yaşadığı üçün Ulu Öndərə borcludur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli ən qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşadığını deyib. Ölkəmizdəki möhkəm multikultural dayaqlara malik tolerant mühitin müasir inkişafın əsas göstəricilərindən olduğunu bildirən akademik deyib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini, həmrəyliyini əks etdirir. Ulu Öndərin dövlət siyasəti səviyyəsinə qaldırdığı azərbaycançılıq ideologiyası multikulturalizm və tolerantlıq fəlsəfəsinin əsasını təşkil edir. Ölkəmizdə yaşayan bütün xalqları onların eyni dərəcədə inandığı və hörmət etdiyi vahid ideologiya – azərbaycançılıq ətrafında birləşdirmək müstəqil dövlətimizin mühüm nailiyyətidir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ölkəmizdəki millətlərarası münasibətlər haqqında tədbir iştirakçılarına məlumat verib. O, ölkədə yaşayan milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin Azərbaycan Respublikasının multikulturalizm siyasəti çərçivəsində yüksək səviyyədə həll olunduğunu qeyd edib. Əsrlərboyu Azərbaycanın tolerant bir ölkə olduğunu qeyd edən E.Nəcəfov burada milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən mühüm işlərin görüldüyünü vurğulayıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ölkəmizin multikulturalizm və tolerantlıq dəyərlərindən, ümummilli lider Heydər Əliyevin xalqımızın digər millətlərlə birgə yaşayışının təmin edilməsi, millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətində rolundan danışıblar.

ADU-nun tələbəsi, “xəlifə” rektor Nicat Aşurov və magistrant Leyla Cəfərova konfransın tələbələrin həyatında mühüm rol oynayacağını vurğulayıblar.

Sonda konfransın bölmə iclaslarının keçiriləcəyi universitetlərin rektorlarının videotəbrikləri təqdim olunub və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx göstərilib.

Mayın 5-dək davam edəcək konfransın plenar və yekun iclasları ADU-da, bölmə iclasları isə bu ali məktəblə yanaşı, müxtəlif ölkələrin müvafiq qabaqcıl universitetlərinin bazalarında təşkil olunacaq. Bölmələr Türkiyənin Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişafı” və Ərzurum Universitetində “Heydər Əliyev və türk dünyası”, Rusiya Federasiyasının Boris Yeltsin adına Ural Federal Universitetində “ADR – Şərqdə ilk demokratik respublikadır”, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda “Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan: mədəniyyətlərarası dialoq təcrübəsi”, Moskva Dövlət Linqvistika Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi”, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialında “Multikulturalizm və Rusiya azərbaycanşünaslığı”, Ukraynanın Kiyev Milli Linqvistika Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, Belarusun Minsk Dövlət Linqvistik Universitetində “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri”, Serbiyanın Belqrad Universitetində “Multikulturalizmin Azərbaycan təcrübəsi”, Gürcüstanın Tbilisi Dövlət Universitetində (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan Elmlər Akademiyasının müvafiq institutları və “Bilik” cəmiyyətinin iştirakı ilə) “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu”, Çinin Xucjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi”, İtaliyanın Kassino Cənubi Latsio Universitetində (Sülh və Təhlükəsizlik Fondu, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Fransanın Nim Universiteti, Moldovanın Beynəlxalq Menecment Universitetinin iştirakı ilə) “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq”, Almaniyanın Ausburq Universitetində “Azərbaycan və Almaniya multikulturalizmi” mövzularında keçiriləcək.