IMG_6243

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Moldovanın tanınmış ictimai-siyasi xadimi, Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu ilə görüş keçirilib.

Aureliya Qriqoriu Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin və təcavüzkar Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər həyata keçirən  ictimai xadimdir.  Onun bu xidmətləri 2008-2015-ci illərdə Moldova Respublikasının Ombudsmanı olduğu vaxtlarda xüsusilə təqdirəlayiqdir. Aureliya Qriqoriu 2013-cü il iyulun 4-də Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda “Avropa Şurasının üzv ölkələrində Avropa standartları hüququn aliliyi və sərhədləri sərəncamı” mövzusunda  keçirdiyi konfransda Ermənistan parlamentinin üzvləri qarşısında bu ölkəni Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda soyqırımı törətməkdə günahlandırıb. Konfransda siyasi cəsarət nümayiş etdirən Aureliya Qriqoriu bildirib ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən çoxdur davam edən və Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan hərəkətləri əsl təcavüzdür və bu hərəkətlər  beynəlxalq hüquq prinsiplərinə ziddir. Sonralar Aureliya Qriqoriu bu ədalətli çıxışına görə ermənilər və ermənipərəst qüvvələr tərəfindən müxtəlif mənəvi-psixoloji təzyiqlərə, hədə-qorxuya məruz qalıb.

Aureliya Qriqoriu insan hüquqlarının müdafiəsi sahəsində göstərdiyi xidmətlərə görə bir çox ölkələrin mükafat,  orden və medallarına layiq görülüb.

BBMM-in rəhbərliyi və Məşvərət Şurasının Elm komissiyasının sədri, akademik Vaqif Abbasov,  Din məsələləri üzrə komissiyanın sədri Gündüz İsmayılovun da iştirak etdiyi görüşdə Mərkəzin icraçı direktoru Azad Məmmədovla Aureliya Qriqoriu arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-nin mənafelərini təmsil və müdafiə edən Moldova filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumuna əsasən mərkəzi qərargahı Moldova filialı olmaqla Aureliya Qriqoriu həmçinin BBMM-in Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin də səlahiyyətli nümayəndəsi təyin edilib.

Filial Azərbaycanın və Moldovanın milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar və disputlar təşkil edəcək.

Azad Məmmədov çıxışında BBMM-in Mərkəzi və Şərqi Avropada filial və nümayəndəliklərinin açılmasından məmnunluğunu ifadə edib: “Biz çox şadıq ki,  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xaricdə öz fəaliyyət sferasını gündən günə genişləndirir. Hazırda Mərkəzin Almaniya, Portuqaliya, İtaliya, Rusiya, İsrail və Qazaxıstanda filialları fəaliyyət göstərir. İndi isə Şərqi və Mərkəzi Avropa ölkələrində də Azərbaycanın multikultural dəyərləri daha geniş şəkildə təbliğ və təşviq ediləcək. Bu missiyanın Aureliya Qriqoriu tərəfindən həyata keçirilməsi isə bizi xüsusilə sevindirir. Çünki  Aureliya Qriqoriu Azərbaycanın yaxın dostudur”.

Aureliya Qriqoriu məhz Azərbaycanın və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin maraqlarından çıxış etməyin böyük şərəf olduğunu qeyd edib:  “ Azərbaycan mənim xüsusi münasibət bəslədiyim sevimli ölkədir. Düşünürəm ki, fenomen hesab etdiyim Azərbaycan multikulturalizmindən bütün dünya örnək götürməlidir. Çünki multikulturalizm hazırda dünyada yayılmış terrorun, ksenofobiyanın, irqçiliyin alternatividir. Mənim fikrimcə, bir məsələni xüsusi təqdirlə vurğulamaq lazımdır:  Azərbaycanda multikulturalizm əsrlərə söykənən dəyər olmaqla qalmayıb, həm də dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Bu istiqamətdə ilk siyasi qərarları isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qəbul edib və həyata keçirib. Bu siyasi xətt hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.  Torpağının 20 faizi işğal olunmuş və ərazisində bir milyondan artıq qaçqın və məcburi köçkünün məskunlaşdığı bir ölkənin hazırda da multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətinə çevirməsi bu dövlətə və hökumətə olan hörməti daha da artırır. Keşmiş SSRİ-nin tərkibində yerləşən respublikalardan Azərbaycan yeganə ölkədir ki, ərazisində müxtəlif etnik mənşəyə və fərqli dinə mənsub onlarla xalqın nümayəndəsi heç bir problem olmadan, qardaşcasına yaşayırlar. Azərbaycanın dünyanın ən tolerant ölkələri siyahısında ilk beşlikdə yer alması təsadüfi deyil. BBMM-in filial rəhbəri olaraq Azərbaycan multikulturalizmini bu keyfiyyətdə və belə bir miqyasda Şərqi və Mərkəzi Avropada təmsil edəcəyim üçün çox şadam və bundan qurür duyuram”.

Görüşdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru  İlham Məmmədzadə, Mərkəzin Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu BBMM-in xaricdə filiallarının sayının artmasını Azərbaycanda həyata keçirilən mulıtikulturalizm siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən böyük qiymət kimi dəyərləndiriblər və bu işin gələcəkdə daha da genişlənəcəyinə əminliklərini bildiriblər.