Noyabrın 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Alban Apostol kilsəsi: tarixi baxış” mövzusunda altıncı “dəyirmi masa” nəşrinin təqdimatı  keçirilib.

Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov çıxış edərək “dəyirmi masa”nın əhəmiyyətindən söz açıb. Mərkəzin son illər gördüyü işlərdən danışaraq sözügedən tədbirin mərkəzin təşəbbüsü ilə həyata keçirildiyinə diqqət çəkib.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin arxiv sənədləri şöbəsinin baş məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyevanın moderatorluğu ilə reallaşan “dəyirmi masa”da hər iki nəşrin əhəmiyyətindən, onların ölkəmizin tarixini öyrənmək baxımından faydalı olduğundan söz açılıb.

Həcər Verdiyeva əvvəlcə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gördüyü işlərdən danışıb.

Sonra Alban Apostol avtokefal kilsəsi haqqında məlumat verilib. Vurğulanıb ki, baş redaktoru akademik Kamal Abdulla olan “Alban Apastol kilsəsi: tarixi baxış” kitabı Azərbaycan tarixinin reallıqlarına işıq tutur, ölkəmizin multikultural dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi önəm kəsb edir. Kitab, eyni zamanda, Azərbaycan tarixinin tərkib hissəsini təşkil edən Alban Apastrol kilsəsinin de-fakto və de-yure bərpası bu irsə, ilk növbədə ölkəmizin tarixinə kənardan sahib çıxmaq istəyən qüvvələrin önünə sədd çəkir. Alban Apostol kilsəsinin tarixindən söz açan natiq deyib ki, bu kilsə patriarx, avtokeval və sonradan monofizit olub. Bu kilsənin əsası Apostlar tərəfindın qoyularaq patriarxlar tərəfindın idarə edilib. Bu kilsənin əzəli patriarxlıq tarixi eramızın I əsrindən başlayaraq Qüdsdən gəlmiş apostların adı ilə, ilk növbədə Hindistandan Qafqaz Albaniyasına gəlmiş və Ordubadda Alban kilsəsinin əsasını qoymuş Varfolomeyin və apostol Faddeyin şagirdi, Kiş (Gis) kilsəsinin əsasını qoyan Yeliseyin adı ilə bağlıdır.

Qeyd edilib ki, Qədim Şərq kilsələrinin qəbul olunmuş kanonları əsasında fəaliyyət göstərən kilsə Sasani-Bizans, Sasani-Ərəb qarşıdurmasının nəticəsində ağrılı günlər yaşamış, VIII əsrin əvvəllərində erməni-qriqorian kilsəsinin məkri və Qafqazı öz coğrafi çərçivəsinə salmış Ərəb xilafətinin bölgədə apardığı konfessional siyasət nəticəsində iyerarxik baxımdan erməni-qriqorian kilsəsinə tabe edilib. Lakin itirilmiş mövqeyi uğrunda mübarizə aparan Alban Apostol kilsəsi XIII əsrin birinci yarısında öz avtokefallığını bərpa edərək Qanzasar monastırı Alban Apostol avtokefal kilsəsinin iqamətgahına çevrilib. Alban Apostol kilsəsinin fəaliyyəti ilə barışa bilməyən erməni-qriqorian kilsəsi Rusiyanın Qafqaz siyasətinin istiqamətlərindən yararlanmaq niyyəti ilə XVIII əsrin sonlarından etibarən Romanovlar Rusiyasının sarayına daxil ola bilmiş, XIX əsrin birinci otuzilliyində Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya imperiyası, “erməni kartına” önəm verərək Alban kilsəsini erməni-qriqorian kilsəsinin idarəçiliyinə verməyi qərara almaqla, Azərbaycanın tarixi yaddaşına zərbə endirilib.

“Dəyirmi masa”da digər çıxış edənlər Alban Apostol kilsəsinin tarixi əhəmiyyətindən danışıb. Vurğulanıb ki, XIX əsrin ilk onilliklərində Alban Apostol kilsəsi özünün faciəvi günlərini yaşayıb. Rusiya imperatoru I Nikolayın 1836-cı il 11 mart tarixli fərmanı erməni-qriqorian kilsəsinin Alban Apostol kilsəsinə olan iddialarının reallaşması üçün münbit şərait yaradıb və bu vəziyyətdən istifadə edərək, Alban Apostol kilsəsinin mülkünü ələ keçirən erməni-qriqorian kilsəsi onun arxivlərini məhv edib, Azərbaycan torpaqlarına qarşı irəli sürülən əsassız iddialarının reallaşması üçün məqam axtararaq XX əsrin əvvəllərindən etibarən bu istiqamətdə müntəzəm fəaliyyət göstərib.

Məruzələr ətrafında aparılan fikir mübadiləsi zamanı tarixçilər bildiriblər ki, XIX əsrin birinci yarısında yaranmış vəziyyətdə udinlərin bir qismi assimilyasiyaya məruz qalsalar da erməni-qriqorian kilsəsinə tabe olmaq istəməyib, etnik identikliyini qoruyub saxlayıb, Azərbaycan tarixinə bağlı olub.

“Dəyirmi masa” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabının təqdimatı da keçirilib.