IMG_3463

Mayın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Rusiya Təbiətşünaslıq Elmləri Akademiyasının akademiki, Rusiya Federasiyası Qloballaşma və Dayanıqlı İnkişaf İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədovun   “Qloballaşma, dayanıqlı inkişaf və müxtəlifmədəniyyətlilik” mövzusunda mühazirə-təqdimatı olub.

BBMM-in icraçı direktoru Azad Məmmədov qonaqları salamlayıb və Azərbaycanın dayanıqlı inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan söz açıb.

Fəlsəfə elmləri doktoru Nizami Məmmədov mühazirəsində qloballaşma dövrünün spesifikası, dayanıqlı inkişafın prinsiplərini xatırladaraq Azərbaycanın müasir dövrdə keçdiyi tərəqqi yolundan danışıb: “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının mühüm cəhətlərindən biri olan multikulturalizm və tolerantlıq ənənələri Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətşiliyimizin qüdrətlənməsində və sosial-iqtisadi inkişafın təminində əsas rol oynayıb”.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında”  Fərmanını xatırladan mühazirəçi qeyd edib ki, ölkəmiz ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər qazanıb: “ Dövlət başçısının müvafiq Fərmanında vurğulandığı kimi, Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir”.

Tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, professor İmamverdi Həmidov, AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev və digərləri çıxış edərək dünyada sülhün və əmin –amanlığın təmin edilməsində, xalqlar arasında dialoqun və etimadın  möhkəmləndirilməsində müxtəlif mədəniyyətlər arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

 

IMG_3476