Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüş keçirilib.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov səfirə Mərkəzin fəaliyyəti, ölkəmizdə uğurla davam etdirilən multikultural mühit haqqında ətraflı məlumat verib.

Rəvan Həsənov bildirib ki, Prezident İlham Əliyev multikulturalizmin qorunub saxlanmasına böyük önəm verir. Azərbaycanda tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması dövlətimizin başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. O qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla davamının nəticəsidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən də danışıb. Diqqətə çatdırıb ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir. Səfirin diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan multikulturalizmi fənni dünyanın iyirmiyə yaxın universitetində tədris olunur. BBMM-in səkkiz ölkədə filialı var və bu yaxınlarda doqquzuncu filial Vaşinqtonda açılacaq.

Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Azərbaycan kimi çoxmillətli, çoxmədəniyyətli, multikultural və tolerant bir ölkədə çalışmasından məmnun olduğunu bildirib. O, Azərbaycandakı müxtəlif dini icmaların sıx əməkdaşlığının, dostluğunun təqdirəlayiq olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin istifadə olunması zəruridir. Səfir təmsil etdiyi ölkədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılmasının və eyni zamanda, Ukraynanın ali təhsil məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsinin məqsədəmüvafiq olması barədə təkliflərini də bildirib.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman və Azərbaycanda Ukrayna Konqresinin rəhbəri Yuriy Osadçenko da iştirak edib.

Sonda qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub.