Azərbaycan milli mətbuatının 143 illiyi münasibətilə iyulun 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Media və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov tədbirdə deyib ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı həmişə qabaqcıl ideyaların carçısı, öz dövrünün güzgüsü olub. İctimai fikrin digər ifadə vasitələrinin kifayət qədər inkişaf etmədiyi bir zamanda mətbuat xalqın geniş dairələrini düşündürən problemləri diqqət mərkəzinə gətirib, ictimaiyyətin müzakirəsinə çıxarıb.

Qeyd edilib ki, mətbuatımız sovet hakimiyyəti dövründə 70 il senzuraya məruz qalıb. Mətbuat üzərində olan senzura ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qaldırıldı, söz azadlığı tam şəkildə təmin olundu, kütləvi informasiya vasitələrinin sayı artmağa başladı. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mətbuatımız dövlətin diqqət və qayğısı ilə əhatə olunub, söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Pənah Cahangirov Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və təbliğində medianın rolundan danışıb.

Sonda Azərbaycan dövlətinin multikulturalizm siyasətini həyata keçirməkdə və onun təbliğində BBMM-lə sıx əməkdaşlıq edən KİV nümayəndələri mükafatlandırılıb.