IMG_2516

Mayın 1-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr etdiyi “Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri BBMM-in icraçı direktoru, professor Azad Məmmədov açaraq qonaqları salamlayıb və Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq Milli Kitabxana tərəfindən tərtib edilmiş nəşrin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Rəvan Həsənov multikulturalizmin ölkəmizdə həyat tərzi olduğunu qeyd edərək multikulturalizmin elmi, siyasi və mədəni əsaslərından söz açıb. Rəvan Həsənov “Multikulturalizm İli”ndə Azərbaycanda həyata keçirilən böyük miqyaslı layihələrin, görülən işlərin biblioqrafiyasının yer aldığı kitabı yüksək dəyərləndirib və nəşri ərsəyə gətirənlərə minnətdarlığını bildirib.

Milli Kitabxanın direktoru, professor Kərim Tahirovun moderatorluğu ilə keçən tədbirdə AMEA-nın alimləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Yaradıcılıq Fondunun, “Multikulturalizm” jurnalının, “Samur” Ləzgi Milli Mərkəzinin, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin, “Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliyinin, Avar- Azərbaycan İctimai Birliyinin, Azəri -Tat Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Professor Kərim Tahirov təqdim olunan fundamental biblioqrafik göstəricinin Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə Azərbaycanda “Multikulturalizm İli”nin elan olunması kimi əlamətdar bir hadisəyə həsr olundugunu bildirib. Milli Kitabxananın direktoru nəşrin ərsəyə gəlməsində əməyi olanlara- layihənin rəhbəri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitabın elmi redaktoru və ön söz müəllifi akademik Kamal Abdullayev və digərlərinə minnətdarlığını ifadə edib.

Professor Kərim Tahirov bildirib ki, kitabın bir qədər gec təqdim olunmasının səbəbi “Multikulutralizm ili” ərzində görülən işlərin tam miqyasıyla əhatə olunmasını təmin etmək olub: “Biblioqrafik kitab 5 hissədən ibarətdir: I hissə -Azərbaycançılıq ideologiyası-milli birliyin əsası kimi; II hissə- Milli-mədəni müxtəliflik, etnik qurplar-dili, mədəniyyəti və incəsənəti; III hissə-Tolerantlıq-Azərbaycanda dini azadlığın təmin edilməsi, IV hissə-Multikulturalizm Azərbaycanda həyat tərzidir və V hissə- Köməkçi göstəricilər. Mövzuya uyğun olaraq ədəbiyyat bir neçə bölmə və ayrı-ayrı hissələr daxilində yarımbölmə altında qruplaşdırılıb. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda Azərbaycan, rus və ingilis dillərində müəlliflərin əlifba göstəriciləri tərtib olunub. Kitab  tədqiqatçı alimlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub”.

Kitabın “Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir” mövzusunda önsözündə akademik Kamal Abdullayev kitabı böyük bir mənəvi dövrün salnaməsi kimi dəyərləndirib: “ İl ərzində ölkə ərazisində müvafiq mövzuya dair çap olunan bütün ədəbiyyatı və il boyu keçirilən tədbirlər haqqında dövri mətbuat səhifələrində və məcmuələrdə dərc olunan bütün materialları əhatə etməklə mövzuya dair 6 minə yaxın mənbəni özündə ehtiva edən bu fundamental biblioqrafiya kitabxana əməkdaşlarının gərgin əməyinin nəticəsidir. Vəsaitdə milli birliyimizin əsasını təşkil edən,, Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasından başlayaraq, ölkəmizdəki etnik qrupların tarixinə, mədəniyyətinə, incəsənətinə, həmçinin nəzəri və praktik baxımdan tolerantlığa və multikulturalizmə aid külli miqdarda ədəbiyyat öz əksini tapıb. Əslində, bu böyük bir mənəvi dövrün salnaməsidir desək səhv etmərik”.

Təqdimat mərasimində çəxış edən millət vəkili Mixail Zabelin, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, AMEA-nın Dilçilik institutunun direktoru Möhsün Nağısoylu, Professor İmamverdi Həmidov, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi keşiş Mefodiy, Alban –Udi Xristian icmasının sədri Robert Mobili sözügedən biblioqrafik nəşri yüksək qiymətləndirərək illər sonra da bu nəşrin elmi işçilərə, mütəxəssislərə, istənilən oxuvcuya “Multikulturalizm ili”ndə görülən işlərlə tanış olmaqda, bu mövzuları yaxından öyrənməkdə kömək edəcəyini qeyd ediblər.

 

IMG_2544