zehra

Ermənistanın Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində dinc insanlara qarşı törədilən hərbi cinayətlər bu gün də davam edir. Cəbhəboyu ərazilərdə yaşayan Azərbaycan vətəndaşları mütəmadi olaraq müxtəlif silahlardan atəşə tutulur, artileriya hücumuna məruz qalır.

Biz – Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi nailiyyətləri və uğurlu təcrübəni dünyada yayan Azərbaycanın gənc dostları olaraq iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törətməsini qətiyyətlə pisləyirik. Dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdlarımızı, dünyada sülh və əmin-amanlığı təbliğ edən dostlarımızı, sülhpərvər insanları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu cinayətkarların tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırırıq.

4 iyul tarixində baş verən və 2 yaşlı günahsız Zəhranın ölümünə səbəb olan erməni silahlı birləşmələrinin törətdiyi dəhşətli cinayət faktı uşaq ölümlərinə göz yummayan hər bir dünya insanını ayağa qaldırmalıdır. Bu cinayət bir azərbaycanlı körpə qıza qarşı deyil, bütün bəşəriyyətə, sabahımız olan uşaqlara qarşı yönəlmiş cinayətdir.

Biz – Azərbaycanın gənc dostları, öz həmyaşıdlarımızı, beynəlxalq ictimaiyyəti dinc insanların amansız qətlinə qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır, bu kimi halların qarşısının alınması, ədalətli sülhün bərqərar olması naminə öz səslərini ucaltmağa səsləyirik.

 

Azərbaycanın Gənc Dostları Klubunun üzvləri