Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov may ayının 11-də Rumıniyanın Dini Məsələlər üzrə Dövlət Katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Etibar Nəcəfov Azərbaycanda milli və dini icmalara dövlət tərəfindən göstərilən dəstək və qayğıdan, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən geniş bəhs edib. Bu sahədə mövcud qanunvericilik bazasından da söhbət açan E.Nəcəfov ölkəmizdə milli və dini icmaların bütün hüquqlarının qorunduğunu qeyd edərək, Azərbaycan əhalinin 96 faizinin müsəlman, 4 faizinin isə digər dinlərin daşıyıcısı olduğunu, etiqad azadlığının tam təmin edildiyini vurğulayıb.

Rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətlərinə də toxunan E.Nəcəfov bildirib ki, şöbə milli azlıqlar, multikulturalizm və dini fəaliyyətlə bağlı dövlət siyasətinin həyata keçirilməsində müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarının, dövlət qurumlarının işini əlaqələndirir, ümumi nəzarəti təmin edir.

E.Nəcəfov həmçinin Azərbaycanda mövcud tolerantlıq ənənələri ilə yanaşı, özünəməxsus multikulturalizm modelindən geniş bəhs edib, bu modelin fənn kimi həm avropa, həm də digər ölkələrin universitetlərində tədris olunduğunu bildirib. Bu istiqamətdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən və həyata keçirilən layihələr barədə qonaqlara məlumat verilib. E.Nəcəfov vurğulayıb ki, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri sayılır, multikulturalizmə müasir dünyada müxtəlif yanaşmalar olsa da, ölkəmiz bu sahədəki siyasətini uğurla davam etdirir.

Rumıniyanın Dini Məsələlər üzrə Dövlət Katibi Viktor Opaski isə öz çıxışında ölkəmizə üçüncü səfəri olduğunu bildirib. İlk dəfə 1996-cı ildə, daha sonra 2002-ci ildə və hazırkı səfərini müqayisə edən V.Opaski Azərbaycanın qısa müddətdə yüksək inkişaf dövrü keçdiyini qeyd edib. Dövlət katibi Ümummilli Lider Heydər Əliyevlə olan görüşündən, onun xarizmatik lider olmasından, ona olan dərin hörmətindən və xoş xatirələrindən də bəhs edib. Ümummilli Liderin Rumıniyaya səfəri zamanı onunla görüşdüyünü, geniş fikir mübadiləsi apardığını da xatırlayıb. Belə görüşlərin iki ölkə arasında əlaqələrin inkişafına xidmət etdiyini, bu sahə ilə bağlı fikir mübadiləsinin aparılmasının əhəmiyyətli olduğunu, ümumiyyətlə Azərbaycanın mövcud təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Ölkəsindəki dövlət-din münasibətlərindən bəhs edən V.Opaski bildirib ki, Rumıniyada dövlət tərəfindən dini icmalara və din xadimlərinə maaş verilir, bu sahədəki qanunvericilik bütün dini konfessiya mənsublarının etiqad azadlığını təmin olunmasına şərait yaradır. Hazırda Rumıniyada 18 dini icmanın dövlət qeydiyyatına alındığını, bunlardan 16-sının xristian, 1-nin yəhudi, 1-nin isə müsəlman icması olduğu vurğulayan V.Opaski dini icmalar arasında qarşılıqlı hörmət və tolerant münasibətlərin olduğunu bildirib. Azərbaycana dəvətinə və yüksək qəbula görə dərin təşəkkürünü bildirən dövlət katibi, görüşdən məmnunluğunu ifadə edib.

Görüşdə Rumıniyanın Müsəlman İcmasının Ali Müftisi Yusuf Murad çıxış edərək, ölkəsində müsəlman icmasının fəaliyyəti, gördüyü işlər barədə ətraflı məlumat verib. Azərbaycanla əlaqələrindən, Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlığından bəhs edərək, ötən il “İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunan bir sıra beynəlxalq konfranslarda iştirak etdiyini diqqətə çatdırıb.

Sonda qonaqlara “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və “Azərbaycanın seçilmiş İslam abidələri” kitabları təqdim edilib. Qonaqlar da öz növbəsində Rumıniyanın tarixindən, dövlət-din münasibətləri modelindən bəhs edən ədəbiyyat nümunələrini hədiyyə ediblər.

Görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku, Rumıniyanın dini məsələlər üzrə dövlət katibliyinin direktoru Sezar Pavalasku, dini məsələlər üzrə dövlət katibliyinin müşaviri Katalin Raiu, Rumıniyada Müsəlman İcmasının Ali Müftisinin müşaviri Daniel İout Farkas, Rumıniyanın Azərbaycandakı səfirliyinin Missiya rəhbəri Kristian Koroma, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli iştirak edib.