Oktyabrın 24-də Naxçıvan Müəllimlər İnstitutunda ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimat mərasimi olub.

Tədbirdə çıxış edən institutun tədris işləri üzrə prorektoru Akif İmanlı artıq bir neçə ildir ali təhsil ocaqlarında multikulturalizm fənninin tədris edildiyini, “Azərbaycan multikulturalizmi” dərsliyinin bu fənnin tədrisində müəllimlər və tələbələr üçün böyük töhfə olduğunu bildirib.

AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Onun alternativi yoxdur. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Ölkəmizin bu sahədə qədim tarixə əsaslanan zəngin təcrübəsi var.

Qeyd edilib ki, Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili və qorunub saxlanılması, ölkəmizin əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də bu siyasətin əsas prioritet istiqamətlərindəndir. Gənclərə multikultural dəyərlərin aşılanması üçün “Azərbaycan multikulturalizmi” dərsliyi dəyərli mənbə rolunu oynayır.

Bildirilib ki, ölkəmizin ali təhsil ocaqlarında tədris ediləcək “Azərbaycan multikulturalizmi” kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanıb. Kitab giriş, üç bölmə və yeddi fəsildən ibarətdir. Dərslik Azərbaycanın və xarici ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr, magistr və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub. Kitabın 40-dan çox müəllifi var, o cümlədən Azərbaycan vətəndaşı olmayan müəlliflər də bu kitaba əmək sərf ediblər. Dərslik Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfə, hüquq, psixologiya, ölkəmizin müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi ilə hazırlanıb və üç bölmədən ibarətdir.

Məzmununa görə dərsliyin giriş hissəsini təşkil edən birinci bölmədə multikulturalizmlə bağlı bir sıra mühüm məsələlərlə yanaşı, “Azərbaycan multikulturalizmi” fənninin predmeti, metodları, onun digər ictimai elmlərlə münasibəti, əsas funksiyaları və əhəmiyyəti açıqlanır. Dərsliyin əsas hissəsi ikinci və üçüncü bölmələrdə verilib. İkinci bölmədə multikulturalizm Azərbaycanın dövlət siyasəti və xalqımızın həyat tərzi kimi təqdim olunur. Həmçinin “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri”, “Azərbaycançılıq və multikulturalizm” kimi əhəmiyyətli məsələlər təhlil edilir. Üçüncü bölmədə isə Azərbaycanın xarici siyasətində multikulturalizm ilə bağlı bir sıra mühüm məqamlar yer alıb. Bu bölmədə multikulturalizm ölkənin uğurlu xarici siyasətinin bir amili kimi göstərilir. Son dövrdə siyasi leksikona daxil olmuş və müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” təşəbbüsü təhlil olunur. Eyni zamanda, multikulturalizm siyasətinin həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu işıqlandırılır, dünyada Azərbaycanın multikulturalizm modelinin təbliğ və təşviqində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən bəhs edilir.

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasov “Azərbaycan multikulturalizmi” dərsliyi haqqında danışaraq qeyd edib ki, dərslikdəki fəsillərdə Azərbaycanın xarici və daxili siyasətində multikultural təhlükəsizlik, mədəniyyətimizdə multikulturalizmin ədəbi-bədii qaynaqları haqqında geniş məzmunlu materiallar var.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli çıxışında qeyd edib ki, tarixən Azərbaycanın multikultural və tolerant bir ölkə olması, burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi, həmçinin dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunması istiqamətində böyük layihələrin həyata keçirilməsi Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Leksikona “Multikulturalizmin Azərbaycan modeli”, “Azərbaycan multikulturalizmi” kimi terminlər daxil olub. Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mütərəqqi təcrübəyə dünyada maraq artmaqdadır. Bunun bariz göstəricisi son dövrdə bir sıra Azərbaycan və xarici ölkə ali məktəblərində “Azərbaycan multikulturalizmi” adlı fənnin tədris olunmasıdır. “Azərbaycan multikulturalizmi” dərsliyi bu fənnin tədrisində müəllimlər və tələbələr üçün böyük töhfədir.

Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində “Multikulturalizm” jurnalının təqdimatı olub. Təqdimat mərasimində Yazıçılar Birliyinin sədri Asim Yadigarın, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasovun, Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədlinin, “Multikulturalizm” jurnalının baş redaktorunun müavini Tahir Kazımlının, muxtar respublikada yaşayıb-yaradan şair və yazıçıların çıxışları olub.