Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) tədqiqat təcrübəsi keçən ABŞ-dan olan jurnalist və siyasi araşdırmaçı Peter Teys Bosniya Herseqovinanın Travnik Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirə ilə çıxış edib. Tədbir Universitetin 10 illik yubileyi ilə əlaqədar BBMM-in təşkilatçılığı və professor  Dr. Sabahudin Hadzialicin təşəbbüsü ilə baş tutub. Peter Teys  mühazirəsində  Azərbaycanın multikultural dəyərləri, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərdən bəhs edib.  Mühazirədə eyni zamanda Azərbaycanın qədim arxitektura ənənələrinə, Memar Əcəmi Naxçıvani tərəfindən yaradılan abidələrin arxitektur baxımından unikallığı vurgulanıb.

Peter Teys Azərbaycanın 25 ildən çoxdur işğal olunmuş ərazilərində aparılan ətraf mühitin məhv edilməsi, mədəni və dini abidələrin tamamilə dağıdılmasına yönəldilmiş fəaliyyət və Azərbaycanın mülki vətəndaşlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən 1987-ci ildən bugünə qədər öldürülməsi həqiqətlərindən danışıb: “Ermənistan və Azərbaycan arasında münaqişənin müasir mərhələsi 1987-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xankəndi ərazisindəki hücumları ilə başlamış, daha sonra Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 7 ətraf rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Bütün bu ərazilər etnik təmizləməyə məruz qaldı, Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyinetmə ilə bağlı iddialarına baxmayaraq 1 milyona yaxın azərbaycanlı öz dogma torpaqlarından zorla çıxarılmış, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşlər”.

Peter Teys müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgəyaşayışı, eləcə də yəhudilərin Azərbaycanda məskunlaşması üçün şəraitin yaradılması, kompakt halda məskunlaşdıqları Quba rayonu Qırmızı Qəsəbəsinin unikallığı, eləcə də Azərbaycanda antisemitizm mövcud olmamasını, buranın onlar üçün təhlükəsiz məkan olduğunu qeyd edib.

Mühazirədə eyni zamanda Sarayevo və Bakı şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında sazişin 42 illik yubileyi xüsusi vurğulanıb. 200-ə yaxın tələbənin, həmçinin Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndiliyinin müşaviri Elnur Quliyevin də iştirak etdiyi mühazirədə  Peter Teys adıçəkilən hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən söz açıb, 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç və 2017-ci ilin sentyabrında Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə yaddaqalan görüşünü xatırladıb.

ABŞ-dan olan siyasi araşdırmaçı Universitetin tələbələri ilə görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi tədbirlər, eləcə də Mərkəzin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin rəhbərliyi ilə Universitetdə mövcud təcrübə, Amerikan Mərkəzi, Çin mədəniyyət mərkəzi və müxtəlif dillərdə tədqiqat aparmağın mümkünlüyü barədə məlumat verib. Universitetin kitabxanasına Azərbaycan multikulturalizminə dair kitablar hədiyyə olunub.

Sarayevo şəhərinə səfəri zamanı Peter Teys eyni zamanda şəhər federal radiostansiyasının səhər proqramına müsahibə verib və Azərbaycan həqiqətləri barədə geniş söhbət açıb.