IMG2_3193Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının sədri Katrina Lantos Svet, üzvləri Katerina Kosman və Daniel Markdan ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olublar. Görüşdə qonaqları ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin siyasi işlər üzrə müşaviri Daniel Slaşer müşayiət edib.

 

Qonaqları salamlayan BBMM Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə amerikalılara Azərbaycan multikulturalizmi ənənələrinin tarixi-siyasi qaynaqlarından danışaraq onların diqqətini multikulturalizm dəyərlərinin həm daxildə, həm də xaricdə təbliği ilə bağlı mərkəzin gördüyü işlərə cəlb edib. Görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşları Etibar Nəcəfov, Ceyhun Məmmədov, Pənah Cahangirov da iştirak ediblər. Etibar Nəcəfov Azərbaycanda dini tolerantlığın dünəni və bu günü haqqında vizual materialların müşayiətilə geniş məlumat verib. Amerikalı qonaqlarla etiqad azadlıqları, multikulturalizm siyasətinin bu məsələlərə töhfəsi ətrafında fikir mübadiləsi aparılıb və ölkələrimiz arasında müvafiq sahədə əməkdaşlığın dərinləşdirilməsi zərurəti vurğulanıb.