Azərbaycan Dillər Universiteti(ADU), Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin(BBMM) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilir.

Konfransın ilk bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. “Azərbaycan və Almaniya multikulturalizmi” mövzusunda növbəti bölmə iclası BBMM-in, ADU-nun, Auqsburq Universitetinin və Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Almaniyada baş tutub.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Auqsburq Universitetinin professoru Klaus Volf Azərbaycan və Almaniya multikulturalizminin oxşar və fərqli xüsusiyyətlərindən bəhs edib.

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski azərbaycanlıların tarixən multikultural bir xalq olduğunu qeyd edib. Bildirib ki, hazırda multikulturalizm Azərbaycanda dövlət siyasətidir və ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev qeyd edib ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir. Professor bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, multikulturalizmin alternativi yoxdur, bu gün multikulturalizm müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə yanaşmadır. Əfqan Abdullayev qeyd edib ki, Azərbaycanda tarixən multikultural həyat hökm sürür və Azərbaycanda multikulturalizm siyasətinin banisi ulu öndər Heydər Əliyevdir: “Azərbaycan multikulturalizmin daha dərindən öyrənilməsi istiqamətində böyük işlər aparır, bu işlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransdır”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir.

Beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dini müxtəliflik”, Mainz Universitetinin professoru Hendrix Busoten “Eposun müqayisəli tədqiqatı: türkologiya kontekstində”, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev “Azərbaycanlılar və almanlar arasında münasibətlər multikulturalizm kontekstində”, Bakıdakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Şarovski “Tolerantlıq və multicultural dəyərlər Azərbaycanda”, Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev (Mifodi) “Rus orthodox (Pravoslav) Yeparxiyası Azərbaycan multikulturalizminə nümunə kimi”, Alban Udi Xristian Dini İcmasının sədri Robert Mobili “Alban-udi xristian icması Azərbaycanın multicultural şəraitində”, Protestant İcmasının rəhbəri xanım Vera Nesterova “Lüteranlıq Azərbaycanda” və ADU-nun professoru Aynur Sabitova “Heydər Əliyevin mədəniyyətlərarası dialoqda rolu: Azərbaycan və dünyanın ədəbi müqayisəsi kontekstində” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələrdə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olan multikulturalizm siyasəti, yüksək tolerantlıq mühiti, multikultural ənənə və dəyərlərin qorunub saxlanılması barədə ətraflı söhbət açılıb. Qeyd edilib ki, ölkəmizin 38, dünyanın isə 18 nüfuzlu universitetində uğurla tədris edilən “Azərbaycan multikulturalizmi” fənni ölkəmizdəki dinlər və milli etnik qruplar arasındakı dostuq və qardaşlıq münasibətlərini geniş auditoriyalara daşıması bəşəri humanism ideyalarının yayılması baxımından çox önəmlidir. Məruzələrdə Azərbaycanın multikultural dəyərlərinin dünyada tanıdılması baxımından belə tədbirlərin əhəmiyyəti də vurğulanıb.