Sentyabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimat mərasimi keçirilib.

Ali təhsil ocaqlarında tədris ediləcək “Azərbaycan multikulturalizmi” kitabı BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanıb. Kitab giriş, üç bölmə və yeddi fəsildən ibarətdir. Dərslik Azərbaycanın və xarici ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr, magistr və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

BBMM tərəfindən tərtib edilən nəşrin əhəmiyyətindən danışan Kamal Abdulla Azərbaycan muktikulturalizmi fənninin respublikamızda və xarici ölkələrin universitetlərində artıq iki ildir tədris olunduğunu deyib. Bildirilib ki, bu fənnin uğurla tədris edilməsinin əsas şərtlərindən biri fənn üzrə dərsliyin hazırlanmasıdır. Qeyd olunan zərurəti nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli” elan edilməsinə dair Tədbirlər Planında “Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsi vəzifəsi qoyulub. BBMM Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi ilə “Azərbaycan multikulturalizmi” dərsliyini hazırlayıb.

Akademik deyib: “Qısa zaman kəsiyində multikulturalizm ideyalarını Prezident İlham Əliyevin göstərdiyi hədəflərə doğru irəli apara bildik və Avropanın, dünyanın bir sıra universitetlərində Azərbaycan multikulturalizm fənni tədris olundu. O zaman bu kitab yox idi, amma ideyalar, arzu, niyyət var idi. Biz bu ideyaları müxtəlif xarici ölkələrin universitetlərinə apardıq. Türkiyə, Rusiya, Çexiya, Almaniya, Portuqaliya, Litva, İndoneziya, Gürcüstan, Bolqaristan, Ukrayna, İsveçrə, Belarus, Polşa və İtaliyanın nüfuzlu universitetlərində Azərbaycan multikulturalizmini, yəni Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini, ölkəmizin dünyaya baxışını həmin dövlətlərin gənclərinə çatdırmağa çalışdıq. Bununla kifayətlənmədik, BBMM Prezident İlham Əliyevin tövsiyəsi ilə Azərbaycan multikulturalizminin yay və qış məktəblərini təşkil etdi. Bu fənni öyrənən gəncləri dəvət etdik ki, onlar auditoriyalarda öyrəndikləri nəzəri biliklərlə Azərbaycanın müxtəlif bölgələrində əyani tanış ola, ölkəmizdə yaşayan müxtəlif dillərə və dinlərə məxsus insanlarla görüşə bilsinlər. Yay və qış məktəblərindən sonra xarici tələbələr inandılar ki, Azərbaycan multikulturalizmin təntənəsini yaşayan ölkələrdən biridir. Avropada multikulturalizmin iflası ilə bağlı baş verən hadisələrin fonunda Azərbaycanda multikulturalizmin təntənəsi ilk növbədə Prezident İlham Əliyevin zəhmətinin və qayğısının nəticəsidir. Amma bu işin ilk kərpicinin qoyanlardan birincisi, Azərbaycan multikulturalizminin banisi ümummilli lider Heydər Əliyev olub”.

Məlumat verilib ki, ölkəmizin universitetlərində dərs deyən müəllimlər tərəfindən istifadə olunan bu kitab Azərbaycan multikulturalizm modelinin sistemli şəkildə, elmi cəhətdən təqdim edən ilk vəsaitdir. Üç bölmədən olan dərslikdə Azərbaycan multikulturalizm modelinin bütün əsas cəhətləri, o cümlədən onun formalaşmasının obyektiv və subyektiv səbəbləri, tarixi təkamülü, ədəbi-bədii, elmi-fəlsəfi, publisistik, siyasi və hüquqi qaynaqları, ictimai şüurun müxtəlif formalarında inikası, Azərbaycanın daxili və xarici siyasətində təzahürləri təhlil edilir. Rus, ingilis, fransız, italyan dillərinə tərcüməsi nəzərdə tutulan nəşr bu işlə məşğul olan elm adamlarının yeni nəslini yaradacaq.

Azərbaycanın dünyanın əsas multikulturalizm mərkəzlərindən biri olduğunu deyən professor Etibar Nəcəfov multikulturalizmin dövlətimizin həm daxili, həm də xarici siyasətində özünü büruzə verdiyini söyləyib. Vurğulanıb ki, Avropa ölkələri belə, multikulturalizm sahəsində Azərbaycan təcrübəsindən faydalanmaq istəyirlər. Bunun əsas səbəbi multikulturalizmin xalqımızın həyat tərzi olmasıdır. Bu təcrübəyə əsasən Azərbaycan multikulturalizmi fənni bir sıra xarici ali təhsil ocaqlarında tədris olunur. Belə ki, həmin universitetlər etnik, dini, irqi müxtəlifliklərin tənzimlənməsi sahəsində Azərbaycanın əldə etdiyi böyük nailiyyəti elmi cəhətdən mənimsəyib onu yaymaq niyyətindədir. Hətta bu sahə üzrə tanınan bir çox xarici mütəxəssislər ölkəmizə gələrək müvafiq istiqamətdə Azərbaycanın qazandığı uğurları elmi cəhətdən tədqiq edirlər. Hazırda bu proses davam etməkdədir.

Kitabın Azərbaycan multikulturalizminin dünyada tanınması baxımından əhəmiyyətini vurğulayan Etibar Nəcəfov diqqətə çatdırıb ki, ölkəmizin multikulturalizminə maraq göstərənlər artıq bu dərsliyi oxumaqla təcrübəmizi əldə edə bilərlər.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, BBMM-in Himayəçilik Şurasının üzvü Firəngiz Əlizadə ölkəmizdə multikulturalizm sahəsində ortaya çıxan faktların bir araya gələrək “Azərbaycan multikulturalizmi” dərsliyində yer alması baxımdan nəşrin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, kitabın müxtəlif dillərə tərcümə edilərək xarici universitetlərdə dərslik kimi istifadə olunması vacibdir. Çünki bu gün Azərbaycan multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini özünə cəlb etməyi bacarır. Hazırda ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənətdə də özünü göstərir.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi, professor Solmaz Tohidi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi arxiv sənədləri şöbəsinin baş məsləhətçisi Həcər Verdiyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Rima Qafarzadə, Sumqayıt Dövlət Universitetinin müəllimi Adil Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Cahangir Cahangirli bu gün ölkəmizdə multikulturalizmin siyasət və elm müstəvisindən təhsil müstəvisinə proyeksiya olunduğunu söyləyiblər. Bildirilib ki, ölkəmizdə multikulturalizm elmin, mədəni dəyərlərin qorunmasına yönəlib. Təqdim olunan kitab Azərbaycanın multikulturalizm modelinin öyrənilməsində tələbələr və müəllimlər üçün dəyərli mənbə, eyni zamanda, gənc nəslin bu sahədə maariflənməsinə böyük töhfədir.