IMG_2374Aprelin 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “İslam Həmrəyliyi ili” çərçivəsində “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət” kitabının təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Yaradıcılıq Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının,  “Multikulturalizm” və “Türkologiya” jurnalının redaksiya heyətinin də iştirak etdiyi tədbiri BBMM-in icraçı direktoru Azad Məmmədov açaraq təqdim edilən ensiklopedik lüğəti keçmişlə günümüzü birləşdirən körpü kimi səciyyələndirib. Gənc nəslin keçmiş dəyərləri unutmaması və öyrənməsi istiqamətində nəşri dəyərli mənbə kimi qiymətləndirib.

Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədovun moderatorluğu ilə keçirilən təqdimat tədbirində sözügedən Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, professor İmamverdi Həmidov,  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov, professor Habil Qurbanov, fəlsəfə doktoru Aqil Şirinov, BBMM-in şöbə müdiri Rəşad İlyasov, AMEA-nın elmi işçisi Əli Fərhadov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan oxucusuna təqdim olunan “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət”ində kəlam, fəlsəfə, hədis, təfsir və digər islami elmlərə aid anlayış, kateqoriya, hadisə və şəxsiyyətlər müasir şərh və izahlarla oxucuların ixtiyarına verilib. Əsərin işlənməsində  mötədillik prinsipi əsas götürülüb, heç bir təriqətə, məzhəbə və ya əqidəyə üstünlük verilməyib. Bütün anlayışlar haqqında qısa, konkret və obyektiv məlumat verilib.

Sonda ensiklopedik lüğətin tərtibçiləri – fəlsəfə  elmləri doktoru Aydın Əlizadə və fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov çıxış edərək kitabın İslam elmləri haqqında ümumi təsəvvürün formalaşması üçün geniş məlumat vasitəsi kimi nəzərdə tutulduğunu diqqətə çatdırıblar: “Kitabdakı mövzular ümumiləşdirilərək aşağıdakı şəkildə verilib: Məhəmməd peyğəmbər, onun Əhli-beyti və səhabələrin həyat yolları; İslamda əqidə, hüquq və mənəviyyat məktəbləri; təriqətlər və dini cərəyanlar; İslamın tarixi, kəlamı və fəlsəfəsi. Ensiklopedik lüğətdə 700-dən çox böyük və kiçik məqalə yer alıb. Məqalələrdə tarixi hadisələr həm hicri, həm də miladi təqvimlərlə göstərilib. Təqdim olunan “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət”i indiyə qədər işıq üzü görmüş bu tipli nəşrlərlə müqayisədə bir sıra fərqli xüsusiyyətləri ilə seçilir”.