Əyyub Kərimov: “Tələbələrin çoxu Azərbaycan multikulturalizmi modeli ilə bağlı araşdırmalar aparmaq arzusundadırlar”

tedris-AzTU

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 15 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. BBMM-in mətbuat xidməti ölkədə və xaricdə “Azərbaycan multikulturalizmi” fənnini  tədris edən mütəxəssislərlə silsilə müsahibələri oxuculara təqdim etməyi planlaşdırır. Bu istiqamətdə ilk həmsöhbətimiz adıçəkilən fənni Azərbaycan Texniki Universitetində tədris edən dosent Əyyub Kərimovdur.

Müsahibimiz ölkəmizdəki multikultural əhvalın kökləri, multikulturalizmin fəlsəfi əsasları ilə bağlı fikirlərini bölüşüb: “Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Azərbaycan dövlətinə, dövlətçiliyinə, ərazi bütovlüyünə və tarixinə onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlir. Azərbaycanın və “azərbaycançılığın” əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Multikulturalizmin fəlsəfi əsası irqindən, cinsindən və dinindən asılı olmayaraq bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır. Bu isə “bəşəriyyət doğma bir ailədir” məntiqi nəticəsini verir. Deməli, milli, dini, irqi, etnik və s. ayrı-seçkiliklər, “ikili standartlar” yalnız müxtəlif maraqlardan, o cümlədən syasi maraqlardan qaynaqlanır. Qeyd etdiklərimiz kontekstində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin bəyan etdiyi kimi bu gün dünyada multikulturalizm sahəsində İngiltərənin baş naziri Devid Kameronun başçılıq etdiyi “multikulturalizm iflasa uğramışdır“ pessimist və ziddiyyətlərə rəvac verən mövqeyə, Prezident İlham Əliyevin dünya nizamını, onun rəngarəngliyini qoruyub saxlamağa və inkişafa, sülhə və əmin–amanlığa, multikulturalizmin bütün dünyada Azərbaycan nümunəsində bərqərar olmasına çağıran optimist mövqeyi dayanır.

Möhtərəm Prezidentimizin IV Bakı Beynəlxalq Humanitar Forumunda vurğuladığı aşağıdakı dərin strateji məna yüklü fikirlər qeyd etdiklərimizi tam təsdiq edir: “Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizm alternativi yalniz ayrı-seçkilik, irqçilik, ksenofobiya, islomafobiya və antisemitizm ola bilər”.

Bütün bu qeyd etdiklərim kontekstində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi“ fənlərinin tədrisi nəinki tələbələrimizin dünyagörüşünün yüksəldilməsi baxımından, həmçinin dünyada bu sahədə baş verənlərə nəzərən mühüm əhəmiyyət daşımaqla yanaşı müasir dövrün məntiqindən döğan zərurətdir. Azərbaycan Texniki Universitetində magistratura səviyyəsində “Azərbaycan multikulturalizmi”, bakalavr səviyyəsində isə “Multikulturalizmə giriş” fənni 2015- ci ildən tədris olunur. Universitetimizdə “Azərbaycan multikulturalizmi“ fənni birinci kurs magistrlarının bütün ixtisaslarına tədris olunur. Bakalavr səviyyəsində isə “Multikulturalizmə giriş” fənni seçmə fənn blokuna daxil olmaqla hər fakültədən (cəmi səkkiz fakültə ) bir qrup olmaqla ikinci kursun ikinci semestrində tədris olunur. “Xüsusi texnika və texnologiya” fakültəsinin bütün ikinci kurs tələbələri “Multikulturalizmə giriş” fənnini seçdikləri üçün onların hamısına bu fənn tədris olunur. Bakalavr səviyyəsində mühazirədə auditoriyada təxminən 70-75 tələbə iştirak edir”.

Alim qeyd edib ki, adıçəkilən fənlərin tədrisi tələbələrimizdə vətənpərvərlik, humanizm, milli-mənəvi dəyərlərimizə sevgi, başqa dinlərə və irqlərə, milli-etnik qruplara tolerant münasibət, milli birlik və ümumbəşəri həmrəylik hissləri tərbiyə edir, cari hadisələrin fövqünə qalxmağı, həyata böyük ideallar mövqeyindən yanaşmağı öyrədir: “İlk mühazirədə bəzi tələbə və magistrlarda mühəndis olacaq gənclərə bu fənnin tədrisi müəyyən suallar doğurur. Lakin düzgün izah və fənnin tədrisinin məqsəd və vəzifələri, dünyada bu sahədə baş verənlər metodiki və pedoqoji ustalıqla izah edildikcə, onlarda böyük maraq yaranır. Xüsusən belə bir fikri böyük hərflərlə vurğulamaq istəyirəm ki, fənnə maraq və sevginin yaranmasında bir nömrəli amil müəllimdir. Müəllimin səviyyəsi, biliyi, pedoqoji ustalığı, tədris materiallarını çatdırma metodikası fənni sevdirməyin mühüm şərtlərindəndir. Tədris prosesində ən çox verilən suallar xarici ölkələrdə -xüsusən Avropa və ABŞ- da multikulturalizm sahəsində müasir dövrdə baş verənlərlə, İslama olan qeyri –düzgün münasibətlə bağlı olur”.

Əyyub Kərimov fənnə ayrılan saatların miqdarının həddən artıq azlığını, eyni zamanda dərs vəsaitlərinin çatışmazlığını tədrislə bağlı problemlərdən biri kimi səciyyələndirib: “Dərs vəsaitləri azlıq təşkil edir, “Azərbaycan multikulturalizmi” dərsliyinin çapını intizarla gözləyirik . Fənn zəruri fənlər qrupuna daxil edilsə, ayrılan saatlar artırılsa, həm bütün tələbələr öyrənər, həm də bu sahədə əsaslı tədqiqatlara stimul yaranar. Tələbələr, xüsusən də magistrlar arasında Azərbaycan multikulturalizmi modeli ilə bağlı araşdırmalar aparmaq arzusunda olanlar çoxdur. Onları istiqamətləndirəndə, düzgün məsləhətlər verəndə bu və ya digər mövzu üzrə maraqlı təqdimatlar  edirlər”.