1Azərbaycanda səfərdə olan antisemitizm və islamafobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət “Salaam Şalom Qardaşlığı” təşkilatın üzvləri martın 13-də  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevlə təşkilat üzvlərinin səmimi görüşü keçirilib.

Dövlət müşaviri  Azərbaycan haqqında daha çox öyrənmək istədiklərinə, xalqımızın  milli-mənəvi dəyərləri ilə yaxından tanış olmağı arzuladıqlarına görə qonaqlara minnətdarlığını bildirib və onların ölkəmizdən gözəl təəssüratlarkla ayrılacağına ümidvar olduğunu deyib.

Kamal Abdullayev Azərbaycanda mövcud olan multikultural əhvalın bəzi nünaslarına diqqəti yönəldib:  “Xaricdən ölkəmizə gələn qonaqlar Prezident İlham Əliyevlə görüşərkən öz heyrətlərini gizlədə bilməyərək soruşurlar: necə olur ki, Azərbaycanda yəhudilər, xristianlar, müsəlmanlar və eləcə də onlarla xalqın nümayəndəsi bir arada dostcasına, heç bir konflikt olmadan yaşaya bilir? Azərbaycan Prezidenti isə cavabında onların sualına sualla cavab verir: “Başqa cür necə ola bilər?” Məhz bu- “Başqa cür necə ola bilər?”-sualı Azərbaycan multikulturalizminin canını təşkil edir. Başqa konfessiyalar, başqa xalqların nümayəndələri olmadan biz öz birgəyaşayışımızı, həyatımızı təsəvvür  etmirik. Azərbaycan Prezidenti 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etmişdi. Həmin il çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 15-ə yaxın ölkəsində Azərbaycan multikulturalizmi fənninin tədrisini aparıb, kitablar nəşr edib, müxtəlif ölkələrdə bu qurumun filialları açılıb, beynəlxalq multikulturalizm qış və yay məktəbləri təşkil olunub. 2017-ci il isə ölkə başçısının sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunub. “İslam həmrəyliyi ili” “Multikulturalizm ili”nin məntiqi davamı hesab oluna bilər. Prezident İlham Əliyev “İslam Həmrəyliyi” dedikdə həm İslamdaxili, həm də İslam dini ilə digər konfessiyalar arasındakı harmoniyanı nəzərdə tutur. Bu baxımdan İslam həımrəyliyi deyildikdə dinlərarası həmrəylik nəzərdə tutulur”.

Akademik Kamal Abdullayev Azərbaycanda mövcud olan yəhudi icmaları haqqında qonaqlara məlumat verib və bildirib ki, ölkəmizdəki yəhudilər sərbəst şəkildə ibadət edir, öz dini bayramlarını layiqincə qeyd edirlər.

Dövlət müşaviri yəhudi ravvinlə bağlı ibrətamiz hekayəni qonaqların diqqətinə çatdırıb: «Dövlət müşavirliyinə yeni təyin olunanda işimlə əlaqədar bölgələrdə məscidlərdə, kilsələrdə, sinaqoqlarda oldum. Sinaqoqların birində bir ravvinlə rastlaşdım. Onun mənə maraqlı əhvalat danışdı. Bu əhvalatın birinci hissəsi belədir: Normal həyatı, ailəsi olan bir ravvin Avropada sinaqoqların birində çalışırmış. Bir gün rəhbərlik ona deyir ki,  vəzifəsini Azərbaycandakı sinaqoqda davam etdirməlidir. Bu təxminən 8-9 il əvvəl baş verib. Ravvin dəhşətə gəlir və göz yaşları içərisində rəhbərliyə xahiş edərək müsəlman ölkəsi olan Azərbaycanda qətiyyən çalışmaq istəmir. Rəhbərlik onun etirazını qəbul etmir və o, məcburən Azərbaycana göndərilir. Bununla mənim hekayətimin birinci hissəsi bitir. İkinci hissədə nə baş verdiyini danışmayacağam, siz onu özünüz təsəvvür edəcəksiniz. Üçüncü hissə bir cümlədən ibarətdir: həmin ravvin hazırda Azərbaycan vətəndaşı olmaq üçün hökumətimizə ərizə ilə müraciət edib. Azərbaycan multikulturalizmi-budur. Azərbaycan multikulturalizminə xoş gəldiniz!»

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfov, BBMM-in müşaviri professor Aytən Qəhrəman təşkilatla gələcək əməkdaşlığın genişləndirilməsi perspektivlərindən və bunun birgə gələcək layihələrə zəmin yaradacağından söz açıblar.

“Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndəsi xanım Şeril Olitzkiy təmsil olunduğu təşkilatın əsas məqsədlərindən birinin xalqlar arasında sülhü yaymaq olduğunu vurğulayıb.

Təşkilatın digər nümayəndələri də çıxışlarında Azərbaycanın dünyaya örnək sayılacaq multikultural dəyərlərə, tolerantlıq mühitinə malik olduğunu vurğulayıblar, eyni zamanda Azərbaycanla təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıblar.

Nümayəndə heyətinə BBMM-in hədiyyələri təqdim edib.