lusofona 1

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyətə başladığı vaxtdan bəri yerli və xarici universitetlərdə Azərbaycan multikulturalizminin tədrisi layihəsini həyata keçirir.

Sözügedən fənnin universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi, fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda BBMM-in müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.

Portuqaliyanın Lusofona Universitetində Azərbaycan multikulturalizmi fənninin növbəti monitorinqini millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu aparıb.

Monitorinq zamanı Hikmət Babaoğlu Lusofona Universitetində Azərbaycan multikulturalizmi fənninin dinləyicilərinə  ölkəmizdəki multikultural mühit, tolerant durum mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini tədris edən professor Gülnarə Hüseynzadə və fənnin dinləyicisi olan tələbələr iştirak ediblər.

Mühazirənin sonunda tələbələrin Azərbaycan multikulturalizmi modelinə, mədəniyyətinə, adət-ənənələrinə  dair müxtəlif sualları cavablandırılıb.

Monitorinq zamanı Hikmət Babaoğlu Universitet rəhbərliyi ilə də görüşüb. Görüşdə Azərbaycanla əməkdaşlığın çox yüksək qiymətlındirildiyi və gələcəkədə də bu əməkdaşlığın davamlı olması arzusu bildirilib.