AZƏRBAYCANIN GƏNC DOSTLARI KLUBU

 

Salomeya Lukaite

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən birliyin həmtəsisçisi Salomeya Lukaitenin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.

Xatırladaq ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin iştirak etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə təsis edilib. Birliyin üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 20 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri, eləcə də həmin tələbələrin təbliğatı ilə Azərbaycanı tanıyan, sevən xarici gənclər təmsil olunur. Birlik klubun üzvü olan xarici gənclərə Azərbaycanda təhsil imkanı yaratmağı, ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olmağı, Azərbaycan dilinin və mədəniyyətini öyrənməyə maraqlı olan hər bir üzvə dəstək göstərməyi nəzərdə tutur.

Salomeya Lukaite: “Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi zamanı öyrəndiyim məlumatlar Azərbaycanın tarixi, mədəniyyəti və insanları haqqında ilk bilgilər idi. III Beynəlxalq multikulturalizm məktəbi ərzində nəzəriyyə şəklində öyrəndiklərimi əyani şəkildə yaşamaq şansım oldu. Bu müddət ərzində həm də öyrəndim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il bu ölkədə “Multikulturalizm ili” elan olunub. Hazırda dünyada etnik və dini dözümsüzlüyün get-gedə artdığı, Avropanın multikulturalizmdən imtina etdiyi bir vaxtda cənab Prezidentin bu cəsarətli addımı alqışalayiqdir. Mən yay məktəbinin davam etdiyi müddətdə multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması ilə yanaşı, çoxəsrlik həyat tərzi olduğunu da öz gözlərimlə gördüm.

Şəkiyə və Lahıca səfərlərimiz unudulmaz idi. Orada həyat qədim və canlı idi, olduğu kimi. Mən orada tarixi hiss edə bilirdim, sanki tarix bizimlə birgə nəfəs alırdı.

Yay məktəbi zamanı “Mədəniyyətlər axşamı”nda müxtəlif ölkələrin mədəniyyətləri, adət-ənənləri ilə tanış olmaq imkanım yarandı. Ölkənizin səfalı guşələrindən olan Qəbələdə ərəb, rus, bolqar, türk, Azərbaycan musiqilərinin sədaları altında müxtəlif ölkələrdən gələn gənclərin qol-qola, əl-ələ rəqsləri unikal Azərbaycan multikulturalizminin parlaq tablosu kimi yaddaşıma həkk olunub. Azərbaycanla bağlı ilk təcrübəmi ailəm və dostlarımla bölüşəndə onlar da bu ölkəyə səfər etmək arzularını dilə gətirdilər.

Məhz bütün bu zəngin təəssüratların nəticəsi idi ki, hələ yay məktəbindəykən Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulislə birgə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyini təsis etmək ideyamız yarandı. Bu fikrimiz yay məktəbinin digər iştirakçıları tərəfindən də təqdirlə qarşılandı. Birliyin həmsədrlərindən biri kimi düşünürəm ki, “Azərbaycanın Gənc Dostları Klubu”nun əhatə dairəsini genişləndirmək üçün dünyanın müxtəlif yerlərində təqdimatların sayını artırmaq lazımdır. Mən bu barədə öz ölkəmdə müxtəlif tədbirlər, məlumatverici görüşlər təşkil etməyi planlaşdırıram. İlk belə görüş sentyabr ayında baş tutub. Litva Pedaqoji Universitetində həmkarlarım ilə birlikdə Azərbaycan multikulturalizmi ilə bağlı dəyirmi masa formasında müzakirələr apardıq. Mən Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri ilə bağlı təəssüratlarımı bölüşdüm, eyniadlı fənnin tədrisinin Litva Pedaqoji Universitetində davam etdirilməsinin vacibliyini vurğuladım, həmkarlarımı maraqlandıran sualları cavablandırdım.

Bugünlərdə Litva Pedaqoji Universitetində daha bir önəmli tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil etdiyimiz bayram toplantısı oldu. Universitetdə Azərbaycan multikulturalizmi fənninin dinləyiciləri, həmkarlarım və Azərbaycansevərlərlə görüş yaddaqalan idi. Burada biz sevdiyimiz bu ölkənin 25 il ərzində keçdiyi şərəfli ömür yolunu vərəqlədik. Azərbaycanın 25 il ərzində istiqlal yolunda qarşılaşdığı çətinlikləri aşaraq tərəqqi və inkişafın zirvəsinə inamla addımladığı ilə bağlı çıxışlarda mənə məlum olmayan yeni faktlarla tanış olduqca bu ölkəni bir daha sevdim, Azərbaycan xalqının ruhuna yenidən aşiq oldum.

Qeyd edim ki, birliyin fəaliyyətə başladığımı qısa müddət ərzində xeyli sayda xarici ölkələrin gəncləri “Azərbaycanın Gənc Dostları Klubu”na üzv olmaq üçün müraciət ediblər. “Azərbaycanın Gənc Dostları”nın yaxın gələcəkdə Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mobil qruplara çevriləcəyinə inanıram”.