Ölkəmizdə şahid olduğu multikultural mühiti italiyalı oxucularla bölüşən müəllif yazır: “Bu gün multikultural cəmiyyətlər artıq nağıl deyil, reallıqdır. Son illər Avropanın üzləşdiyi böyük miqrasiya dalğası İtaliyanın da multikultural bir ölkəyə çevrilməsi ilə nəticələnib. Lakin təəssüf ki, İtaliyada bu məfhumun institusional səviyyədə tənzimlənməsi müşahidə olunmur. Daha açıq desək, İtaliya tamamilə multikultural bir cəmiyyətə sahib olmağa hazır deyil. Ümumiyyətlə multikulturalizm anlayışından danışanda bu məfhumun Azərbaycan modelinə nəzər salmaq yerinə düşərdi. Bu ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri, etnik azlıqlar harmoniya halında yaşayırlar”.

Müəllif fikirlərinə bu sözlərlə davam edir: “Azərbaycanda mövcud multikultural ənənələrin təbliği və bu modelin tədrisi məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis olunub. Mərkəz Azərbaycanın Təhsil Nazirliyi və Bakı Slavyan Universiteti (BSU) ilə birlikdə bu ölkənin multikulturalizminin İtaliya, Bolqarıstan, Belarus, Rusiya, Gürcüstan, Portuqaliya, Latviya, Çexiya kimi ölkələrdə tədrisi prosesinə başlayıb. Romada La Sapienza Universitetində artıq BSU-nun dosenti İrina Kunina tərəfindən Azərbaycan multikulturalizmi tədris olunur”.